Sabiq XİN başçısı Rusiyaya XƏBƏRDARLIQ ETDİ: "Bu, çox təhlükəli məsələdir!"
Təhlil
15.08.2025 12:40
"Rusiyada millətçilər tərəfindən azərbaycanlılara qarşı səsləndirilən "Azərbaycanlılar öz vətənlərinə getsinlər" kimi çağırışlar əsassızdır. Çünki Rusiya orada yaşayan digər millətlər kimi azərbaycanlılar üçün də vətəndir. Kimisə hansısa şüarlarla öz vətənindən qovmaq düzgün deyil və bu qanunlara ziddir. Hüquq Mühafizə Orqanları bu məsələyə xüsusi diqqət yetirməlidir".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu TodayPress TV-yə danışarkən deyib.
O vurğulayıb:
"Bildiyimiz kimi Şimal-Cənub Nəqliyyat Dəhlizi və kommunikasiyaların bərpası mövzusu bir-birinə bağlıdır. Zəngəzur dəhlizinin açılması, eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizinin işlək vəziyyətə gətirilməsi də üst-üstə düşən mövzulardır. Bəllidir ki, hələ sovetlərin vaxtında Rusiya, Sovet İttifaqı və İran arasında Culfada yerləşən dəmir yolları bağlantısı var idi. Zəngəzur dəhlizi bərpa olunub istifadəyə verilərsə, bu, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin işlək vəziyyətinə gətirilməsi demək olacaq. Hazırda Rusiyada müəyyən qüvvələr tərəfindən Azərbaycana qarşı bu istiqamətdə müxtəlif ittihamlar səsləndirilir. Amma biz görürük ki, bu ittihamlar tamamilə əsassızdır. Bu kampaniyaya son qoyulması həm Azərbaycanın, həm də Rusiyanın xeyrinə olar. Amma təəssüflər olsun ki, indi Rusiyada siyasi idarəçilik böhranı yaşanır və hakimiyyətə iddialı olan müxtəlif qruplar millətçi dalğasından öz xeyirlərinə istifadə edirlər. Bu, çox təhlükəli bir məsələdir. Bundan azərbaycanlılardan başqa digər millətlərə qarşı da istifadə oluna bilər. Ona görə bir çox MDB, post-sovet ölkələri belə bir məsələdə öz siyasətini artıq açıq şəkildə sərgiliyirlər".
Qeyd edək ki, Rusiyanın Podolsk şəhərində bəzi yerli millətçilər azərbaycanlılara qarşı açıq-aşkar təxribat xarakterli mesajlar yazıblar. Yazılar yaşayış binalarının divarlarında yerləşdirilib. Bu barədə görüntülər haqqin.az-ın redaksiyasına göndərilib. Kadrlarda anti-Azərbaycan məzmunlu şüarlar aydın görünür.
Töhfə Səməd
tag: Tofiq Zülfüqarov,Keçmiş nazir,Rusiya,Xəbərdarlıq,Todaypress.tv,