Fazil Mustafa: "Putin Qafqaz xalqlarının "simpatiyasını" qazanmağa çalışır"

Təhlil

20.12.2025 14:00

Rusiya Prezidenti Vladimir Putin canlı yayımda maraqlı çıxış edib. Çıxışı zamanı rusları demoqrafik problemlərin fonunda Qafqaz xalqlarından nümunə götürməyə çağırıb. O bildirib ki, gənclər ailə qurmağı və uşaq sahibi olmağı gecikdirməməlidirlər. Putin Qafqazda erkən evlilik və çoxuşaqlı ailə ənənələrini nümunə göstərərək Çeçenistan Respublikası lideri Ramzan Kadırovun ailəsini misal çəkib. 

Maraqlıdır, Putinin ruslara  Qafqaz xalqlarını nümunə göstərməsi hansı məqsədi daşıyır və bu yanaşma ümumiyyətlə Qafqaz cəmiyyətlərinin sosial reallıqlarını nə dərəcədə əks etdirir? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu çıxış Putinin demoqrafik narahatlıqlarını əks etdirir:

"Əslində bu cür çıxış təşviqedici məqsəd daşıyır. Kadirovun ailəsini nümunə göstərməklə daha çox uşağın dünyaya gəlməsini təşviq etməyə, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atılmasının vacibliyini vurğulamağa çalışır. Eyni zamanda bu yanaşma Qafqaz xalqlarının simpatiyasını qazanmaq niyyəti ilə də səsləndirilir".

Onun sözlərinə görə, hər halda, demoqrafik vəziyyət kifayət qədər ciddidir və bu tendensiya artıq bizdə də hiss olunmağa başlayıb. Bu istiqamətdə vaxtında addımlar atmaq vacibdir, çünki gecikmə sonradan vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.

Jalə Rövşən

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Putin,Qafqaz,Todaypress.tv,