Qərb və Rusiya arasında toqquşma meydanı: Gürcüstanın taleyi necə olacaq?
Təhlil
06.10.2025 17:29
Gürcüstanda oktyabrın 4-də keçirilmiş yerli seçkilərdən sonra Tbilisidə etiraz aksiyaları baş tutub.
Müxalifət nümayişçiləri Rustaveli prospektini bağlayıb, polis tərəfindən bir neçə aksiyaçı saxlanılıb.
Etirazların səbəbi hakim partiyanın seçkilərdə qalib gəlməsi və Avrointeqrasiya siyasətinin dayandırılmasıdır.
Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, hazırda Gürcüstan keçid dövründədir:
“Vaxtilə Mixail Saakaşvili hakimiyyəti Gürcüstanı Qərbə inteqrasiya yoluna yönəltmişdi. Sonra Bidzina İvanaşvilinin hakimiyyətə gəlişi və bir müddət idarə etdikdən sonra hakimiyyəti öz siyasi partiyasındakı şəxslərə ötürməsi ilə Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya yolundan geri dönməyə başladı. Burada Rusiyanın təsiri kifayət qədər yüksəkdir. “Gürcü Arzusu” partiyası nə qədər gizlətməyə çalışsa da, bu partiyanın Rusiyaya meylli olduğu artıq sirr deyil”.
Ekspertin sözlərinə görə, hakim partiyanın atdığı bir çox addımlar Qərbə inteqrasiya prosesinin ləngidilməsi və ya tamamilə dayandırılması məqsədi daşıyır:
“Bu onu göstərir ki, Gürcüstanda yalnız hakimiyyətin və yerli orqanların seçilməsi kifayət deyil. Gürcüstan cəmiyyəti artıq ölkənin gələcəyi ilə bağlı seçim qarşısındadır. Ya Qərbə inteqrasiya siyasətindən imtina edərək Rusiyanın orbitinə daxil olmalı, ya da keçmiş Mixail Saakaşvili hakimiyyətinin tətbiq etdiyi Qərbə inteqrasiya yoluna davam etməlidir”.
Elçin Xalidbəyli bildirib ki, hazırda Gürcüstan cəmiyyəti bu iki istiqamət üzrə ciddi şəkildə parçalanıb:
“Hazırda Gürcüstanda Qərb və Rusiya arasında bir toqquşma yaşanır. Bu toqquşmadan hansı tərəfin qalib çıxması Gürcüstanın gələcək taleyini müəyyən edəcək. Gürcü xalqı Qərbə inteqrasiya siyasətinə inanır, amma onu bu yoldan döndərməyə çalışırlar”.
Politoloqun fikrincə, Gürcüstanın gələcək inkişafı həm də Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq:
“Rusiya ciddi şəkildə zəifləyərsə və məğlub olarsa, “Gürcü Arzusu” partiyası da Gürcüstan xalqının qərbyönlü arzularına mane olmaq imkanını itirəcək. Nəticədə isə Gürcüstan yenidən Qərbə inteqrasiya siyasətini davam etdirmək şansını qazanacaq.
Analitik qeyd edib ki, Gürcüstan Cənubi Qafqazdakı vəziyyətə həlledici səviyyədə təsir göstərəcək vəziyyətdə deyil:
"Gürcüstanda hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, Cənubi Qafqazın lideri Azərbaycandır. Regionun gələcək inkişafı rəsmi Bakının iradəsindən asılı olacaq. Görünür ki, Qərb və Rusiya Gürcüstan uğrunda mübarizəni hələ sona çatdırmayıb”, - o bildirib.
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Gürcüstan,Qərb,Rusiya,Todaypress.tv,
