Ərdoğan-Putin görüşü: Nələr müzakirə olundu?

Təhlil

12.12.2025 18:41

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. 

Maraqlıdır, Putin–Ərdoğan görüşü Moskva–Ankara münasibətlərini yeni siyasi mərhələyə apara bilərmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Türkiyə sülhün tezliklə bərpasında maraqlıdır:


“Türkiyə regionda, xüsusilə Qara dəniz hövzəsində müharibənin tezliklə bitməsini istəyir. Qara dəniz ölkəsi kimi burada baş verən hərbi toqquşmalar həm Türkiyəyə, həm də qlobal ticarətə mənfi təsir göstərir. Gəmilərin və neft tankerlərinin dronlarla vurulması bölgədə təhlükəni daha da artırır. Ankara Rusiya–Ukrayna müharibəsinin əvvəlindən vasitəçilik edərək mühüm rol oynayıb və müəyyən nəticələrə nail olub”.

Onun sözlərinə görə, bəzi faktorlar Türkiyənin sülh təşəbbüslərini ikinci plana salıb:

“Atəşkəslə bağlı danışıqlarda tərəflər razılığa yaxınlaşsa da, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun müdaxiləsi prosesin pozulmasına səbəb oldu. Daha sonra Trampın vasitəçilik səyləri önə çıxsa da, görünür, Putin bu vasitəçiliyə tam etibar etmir. Bu səbəbdən Türkiyə danışıqların yenidən İstanbulda bərpa olunmasını təklif edir.

Buna baxmayaraq, ABŞ-nin əsas moderator rolunu ələ alması ilə Türkiyənin təşəbbüsləri ikinci plana keçib və danışıqlardan ciddi siyasi nəticə əldə olunmayıb".

N.Miri hesab edir ki, Putinin bu mövzunu qabartmasının məqsədi Türkiyənin Aİ qərarlarına təsir edə bilməyəcəyini bilə-bilə, məsuliyyəti Avropa Birliyinin üzərinə yönəltməkdir. Aİ-nin aktivləri uzun müddət dondurmaq qərarı əsasən Belçikanın arbitraj riskindən qorunmasını hədəfləyir. ABŞ də aktivlərin müəyyən hissəsinin Rusiyaya qaytarılmasına tərəfdardır.

Politoloq bildirib ki, sülhü ləngidən əsas tərəf Aİ yox, atəşkəsdən yayınan Rusiyadır:

“Rusiya bu məsələni danışıqları ləngidən siyasi fon kimi istifadə edir və elə görüntü yaradır ki, guya sülhün əsas maneəsi Aİ-dir. Halbuki reallıq budur: təcavüzkar tərəf Rusiyadır. Avropa və Ukraynanın mövqeyi isə sadədir — cəbhə xəttində kim harada dayanıbsa, orada atəşkəs elan edilsin. Bu təklifi qəbul etməyən yeganə tərəf Moskvadır”.

Ekspert sonda əlavə edib ki, Ərdoğan–Putin görüşü daha çox siyasi görüntü xarakteri daşıyır və Rusiya tərəfinin səsləndirdiyi arqumentləri  bəhanə hesab edir.

 Jalə Rövşən

TodayPress TV

tag: Natiq Miri,Politoloq,Ərdoğan,Putin,Todaypress.tv,