Qazanc dalınca Rusiyaya gedənlərə BƏD XƏBƏR: Putindən GÖZLƏNİLMƏZ qərar!

Təhlil

08.07.2025 17:25

“Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlığı olmayan şəxslərin də müqavilə əsasında Rusiya ordusunda xidmət etməsi ilə bağlı imzaladığı qərar yalnız Azərbaycan deyil, ümumilikdə MDB məkanından olan miqrantlar üçün ciddi problemlər yarada bilər”.  

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, bu qərardan sonra miqrantların əksəriyyəti Rusiyanı tərk etməyi düşünəcək:

“Bu insanlar əsasən qazanc məqsədilə Rusiyaya üz tuturlar və orada işləyərək həyat şəraitlərini yaxşılaşdırmağa çalışırlar. Lakin qəbul edilən bu qərardan sonra həmin imkanlar xeyli məhdudlaşacaq. Rusiyada çalışan və yaxud ora getməyi planlaşdıran miqrantlar real təhlükə ilə üz-üzə qalacaqlar. Onlar müqavilə imzalamağa məcbur edilə, ardınca isə Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukrayna müharibəsinə göndərilə bilərlər. Aydındır ki, heç bir miqrant qazanc üçün getdiyi ölkədə müharibənin iştirakçısına çevrilmək və həyatını riskə atmaq istəməz.

Bu qərar hər bir miqrantı ciddi düşünməyə vadar edəcək. Böyük ehtimalla, MDB ölkələrindən olan miqrantların əksəriyyəti Rusiyanı tərk etməyi düşünəcək, ora getmək istəyənlər isə bu niyyətlərindən imtina edəcəklər. Nəticədə Rusiyaya miqrant axını azalacaq, hətta dayanma nöqtəsinə çata bilər. Hazırda Rusiyada yaşayan miqrantlar isə həyatlarını xilas etmək naminə ölkəni tərk etməyə başlayacaqlar”. 

Ekspert bu qərardan sonra Rusiyada yarana biləcək problemlərdən bəhs edib:

“Bu qərarın Rusiya üçün müsbət nəticələrə gətirib çıxaracağı isə sual altındadır. Çünki yaxın müddətdə ölkədə, xüsusilə də ucuz işçi qüvvəsi çatışmazlığı özünü göstərəcək. Rusiya bazarları boşalma təhlükəsi ilə qarşı-qarşıya qalacaq, küçə ticarəti və bu qəbildən olan sahələr ciddi iflas riski ilə üzləşə bilər. Belə olan halda Rusiya iqtisadiyyatında və əhalinin gündəlik tələbat malları ilə təmin olunmasında da ciddi problemlər yaranacaq.

Nəticə etibarilə, bu qərar Rusiya ordusunu yeni canlı qüvvə ilə təmin etməyi hədəfləsə də, ölkənin miqrantlardan boşalması və işçi qüvvəsi çatışmazlığı kimi mühüm riskləri də artıran bir addım olacaq”.

Qeyd edək ki, iyulun 7-də Rusiya Prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərin də müqavilə əsasında ölkənin Silahlı Qüvvələrində xidmət etməsinə imkan verən qanunu imzalayıb. Qanuna görə, “Hərbi borc və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edilərək vətəndaşlığı olmayan şəxslər də müqavilə əsasında orduya qəbul oluna biləcək. 

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Putin,Todaypress.tv,

photo