"Ya güclü zərbələr davam etdiriləcək, ya da..." — Qəzzada NƏBZ ÖLÇÜLÜR
Təhlil
20.10.2025 14:53
Oktyabrın 19-da İsrail ordusu atəşkəs əldə edildikdən sonra ilk dəfə Qəzzaya raket zərbələri endirib. Atəşkəsin pozulması ölkənin cənubundakı Rəfah şəhərində HƏMAS terrorçuları ilə insident zamanı iki İsrail əsgərinin öldürülməsindən sonra baş verib.

İsrail ordusu atəşkəs razılaşmasını pozan terror qruplaşmasına cavab olaraq, Qəzzanın cənubundakı HƏMAS hədəflərinə “bir sıra zərbələr” həyata keçirdikdən sonra Qəzza zolağında atəşkəs rejimini bərpa etməyə başlayacağını açıqlayıb.
Əldə olunan atəşkəs hansısa planın tərkib hissəsi idi?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov bildirib ki, bu, atəşkəs razılaşmasından sonra pozulmasına yönəlmiş ilk hadisədir:

“HƏMAS tərəfi İsrailin atəşkəsin pozulmasına səbəb olan iddialarını qətiyyətlə qəbul etmir və bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu razılaşmadan irəli gələn vəzifələri yerinə yetirməkdə maraqlı deyil. Başqa sözlə, o, müharibənin ilk günlərində qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün əlində olan bütün imkanlardan istifadə edəcək.

İsrailin atəşkəsi pozması, eyni zamanda nəbz yoxlamaq məqsədi daşıya bilər. Bu, ABŞ Prezidenti Donald Trampın reaksiyasını ölçmək üçün atılan addım kimi qiymətləndirilir. Trampın atəşkəsin pozulmasında hansı tərəfi daha çox günahkar sayacağı hadisələrin sonrakı inkişafını müəyyən edəcək. Onun reaksiyası məlum olduqdan sonra Netanyahu ya Qəzzaya zərbələri daha güclü şəkildə davam etdirəcək, ya da gələcəkdə belə halların təkrarına imkan verməyəcək.”

Ə.İbrahimov əlavə edib ki, istənilən halda, razılaşmanın ikinci mərhələsi üçün nəzərdə tutulan tədbirlər həyata keçirilənə qədər növbəti atəşkəs halları gözlənilir.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,İsrail,Qəbul,Todaypress.tv,
