Paşinyan Qarabağ separatçılarını siyasi səhnədən silir: "Şahramanyan digərlərinə mesajdır"

Təhlil

18.12.2025 17:30

Ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın həbs edilə biləcəyi bildirilir.  Məlumata görə, o, bu gün Ermənistan İstintaq Komitəsində 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə növbəti dəfə dindiriləcək.

Bu dəfə Şahramanyana qarşı konkret ittiham irəli sürülməsi və məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət təqdim olunması istisna edilmir. Qeyd olunur ki, o, bu iş üzrə 2025-ci ildə artıq 12 dəfə dindirilib.

Bəs Samvel Şahramanyanın həbsi yaxın günlərdə mümkündürmü?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan separatçıları siyasi prosesdən kənarlaşdırır: 

"Qarabağ separatçılarının dindirilməsi, təbii ki, seçkilər ərəfəsində Nikol Paşinyanın onları siyasi proseslərdən kənarda saxlamaq cəhdidir. Qeyd edim ki, ötən həftə qondarma Qarabağ rejiminin nümayəndəliyinə qarşı da əməliyyat aparılıb, həmin binanın bağlanması istiqamətində hüquq-mühafizə orqanları istintaq tədbirləri həyata keçirib və yoxlamalar aparıb".

Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, son dövrlərdə Qarabağ separatçıları yenidən aktivləşiblər, Qarabağla bağlı mövzuları gündəmə gətirir, geri qayıdış və Azərbaycana qarşı ərazi iddialarını yenidən səsləndirirlər. Bu isə təbii olaraq Nikol Paşinyanı ciddi şəkildə narahat edir. Eyni zamanda Azərbaycan da Ermənistandan bu cür iddialara və fəaliyyətlərə son qoyulmasını tələb edir.

Analitik bildirib ki, bu addım digərlərinə xəbərdarlıq məqsədi daşıyır: 

"Bu baxımdan Samvel Şahramanyanın istintaqa cəlb edilməsi digərləri üçün də bir növ xəbərdarlıq və nümunə xarakteri daşıyır. Düşünmürəm ki, Şahramanyan həbs edilsin, lakin onun barəsində ölkəni tərk etməmək barədə qərar qəbul edilə və istintaq prosesi uzadıla bilər. Çünki seçkilər yaxınlaşdıqca Rusiya bu separatçı fiqurlara müəyyən dəstək göstərir və revanşist əhval-ruhiyyəni gücləndirməyə çalışır". 

M.Əsədullazadə sonda əlavə edib ki, yaxın dövrdə İrəvanda Qarabağ separatçılarının bir çoxuna qarşı oxşar tədbirlərin həyata keçirilməsi mümkündür.  

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Paşinyan,Seperatçılar,Todaypress.tv,

photo