Moldova seçkiyə hazırlaşır: Avropa yolu Kremlə qalib gələcək?

Təhlil

22.09.2025 12:26

“Moldovadakı siyasi proseslər Qərb güclərinin üstünlüyü ilə nəticələnə bilər”.

Polioloq Samir Hümbətov bunu TodayPress TV-yə şərhində bildirib.

Onun sözlərinə görə, hazırda Moldovadakı mövcud hakimiyyət və idarəetmə sistemi daha çox Qərb xətti ilə uzlaşır. Prezident Maya Sandunun rəhbərlik etdiyi hökumət Rusiyadan çox Qərbə üstünlük verir.  Rusiyanın Moldova üzərində müəyyən təsir imkanları olsa da, bu, Qərbin imkanları ilə müqayisədə zəifdir:

“Belə ki, Qərbin həm investisiya, həm də siyasi təsir baxımından imkanları daha güclüdür. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Moldova cəmiyyətində belə bir narahatlıq formalaşıb ki, Qərblə əlaqələri inkişaf etdirməsələr, Rusiya Moldovanı da Ukrayna kimi işğal edə bilər”.

Analitikin fikrincə, bu kimi fikirlər cəmiyyətdə Qərbə inteqrasiya meyillərini gücləndirib. Nəticə etibarilə, Moldovadakı seçki prosesini daha çox Qərbin təsiri fonunda dəyərləndirmək mümkündür.

“Seçki prosesini təkcə Avropa İttifaqı (Aİ) deyil, həm də ABŞ yaxından izləyir. Rusiyanın potensial imkanları Avropa və Amerikanın birgə təsir gücü ilə müqayisədə daha zəif görünür. Hazırkı vəziyyətdə seçkilərin nəticəsinə əsaslı şəkildə Qərb təsir edir və üstünlük daha çox onların tərəfindədir”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, sentyabrın 28-də Moldovada parlament seçkiləri keçiriləcək. 

Aysel Mətləb

TodayPress TV

tag: Samir Hümbətov,Politoloq,Moldova,Seçki,Todaypress.tv,

photo