İsrail-Suriya gərginliyi fonunda Türkiyənin mövqeyi necə olacaq? – ŞƏRH
Təhlil
17.07.2025 17:03
“İsrail və Suriya arasında baş verən hadisələr ABŞ, NATO ölkələri, Türkiyə, həmçinin bütün region dövlətləri tərəfindən ciddi narahatlıqla qarşılanır”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib.
O, İsrailin əsas üç əsas hədəfini açıqlayıb:
"Birinci məqsəd İsrailə kifayət qədər yaxın olan druzlardan istifadə etməkdir.
Digər məsələ, druzların muxtar statusunun bərpasına nail olmaqdır. Əslində İsrailin əsas istəyi Suriyanın federallaşdırılmasıdır. Bu çərçivədə kürdlərə və druzlara muxtariyyət verilməsi planlaşdırılır. İsrail “druz kartı”ndan istifadə edərək Suriyada müxtəlif layihələr həyata keçirməyə çalışır. Bununla yanaşı, İsrailin Suriyada öz mövqelərini möhkəmləndirmək və gələcəkdə bu ölkədən İrana qarşı bir baza kimi istifadə etmək niyyəti də var. Üçüncü məsələ isə uzun müddətdir İsrailin nəzarətində olan və tampon zona kimi İrana qarşı istifadə etdiyi Colan təpələrinin ilhaqının Suriya tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaqdır".
Ekspert qeyd edib ki, bu məsələlər Türkiyənin mövqeyi ilə ziddiyyət təşkil edir:
“Suriyanın unitar dövlət kimi mövcudluğunu qoruyub saxlamaq və bölgədə təhlükəsizliyi təmin etmək Türkiyə üçün prioritet məsələlərdir. Məhz bu səbəbdən Türkiyə çalışır ki, İsrail bu məsələdə geri addım atsın. Əgər vəziyyət daha da gərginləşərsə və nəticədə yeni qaçqın axını yaranarsa, Türkiyə məsələyə birbaşa müdaxilə edə bilər. Lakin hazırkı şəraitdə Türkiyənin Suriya ilə birbaşa qarşıdurmaya gedəcəyini düşünmürəm. Ola bilər ki, Türkiyə Suriyaya silah təminatı və kəşfiyyat sahəsində dəstək göstərsin. Ancaq açıq şəkildə hərbi əməliyyata başlama ehtimalı hazırda zəif görünür. Əgər gələcəkdə Suriya hökumətinin devrilməsi məsələsi gündəmə gələrsə, Türkiyənin birbaşa müdaxilə ehtimalı artacaq”.
Qeyd edək ki, ABŞ-nin tələbi ilə İsrail Suriyanın cənubunda Dəməşqə bağlı hədəflərə qarşı hücumlarını dayandırmağa razılaşıb. Vaşinqtonun bölgədəki gərginliyi azaltmaq məqsədilə İsraildən hücumlara ara verməsini istədiyi, Təl-Əvivin də bu çağırışı müsbət qarşıladığı qeyd edilib. Bildirilib ki, Vaşinqtonun diplomatik təzyiqi nəticəsində Təl-Əviv hücumu dayandırmağa söz verib. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,İsrail,Suriya,Türkiyə,Todaypress.tv,
