ABŞ-nin sülh planında kritik detal: G8 kartı MASAYA QOYULDU!
Təhlil
21.11.2025 16:45
Son iki gündür ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının tam mətni geniş müzakirələrə səbəb olub.

Ukraynalı deputat Aleksey Qonçarenko tərəfindən açıqlanan 28 maddədən ibarət sənəd bir sıra mühüm və mübahisəli şərtlərdən ibarətdir. Bu şərtlərdən biri də Rusiyanın G8-ə qaytarılmasıdır.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Ənvər Ağazadə bildirib ki, ABŞ tərəfindən təqdim olunan sülh planı bütöv şəkildə qəbul edilmədiyi halda ayrı-ayrı maddələrin reallaşması mümkün deyil:

“Bu sənəd tam qəbul olunsa, onun icrası üzrə tərəflərin öhdəlikləri yaranacaq. ABŞ-nin öhdəliklərindən biri də Rusiyanın G8 formatına qayıdışına şərait yaratmaq və bu prosesə dəstək verməkdir. Əgər həqiqətən də bu razılaşma əsasında Rusiya–Ukrayna müharibəsinə son qoyularsa, atəşkəs əldə edilərsə, Rusiyanın G8-ə daxil olması müəyyən zamanla mümkün ola bilər. Lakin maddələrin icrası uzunmüddətli proses tələb etdiyindən bu, qısa zamanda baş verəcək hadisə kimi görünmür”.
Ekspertin sözlərinə görə, sənədin Ukrayna tərəfindən qəbul ediləcəyi real görünmür:

“Ukrayna artıq dörd ilə yaxındır ki, öz torpaqlarını müdafiə edir, minlərlə insanını itirib, şəhərləri dağılıb. Bu şərtlərlə razılaşmaq Ukraynanın məğlubiyyəti və kapitulyasiya sənədi kimi qiymətləndirilə bilər. Nə Ukrayna xalqı, nə prezident, nə Ali Rada, nə də Kiyevi dəstəkləyən Avropa İttifaqı bu şərtləri qəbul edəcək vəziyyətdədir”.
Ənvər Ağazadə diqqətə çatdırıb ki, sənədin hazırlanmasında Ukraynanın mövqeyinin nəzərə alınmaması açıq şəkildə görünür:
“Sənədə baxdıqda aydın olur ki, bu, ABŞ ilə Rusiya arasında hazırlanmış sənəddir. Burada Ukraynanın istəkləri əks olunmayıb. Rusiya heç bir güzəştə getmir, öz tələblərini təmin edir, ABŞ isə öz strateji maraqlarını reallaşdırır. Bu isə Ukraynanın suverenliyi və hüquqları baxımından çox ciddi suallar yaradır. Sənədin birinci bəndində Ukraynanın suverenliyinin təmin olunmasından danışılır, lakin 21-ci maddədə ABŞ-nin işğal olunmuş əraziləri Rusiyanın torpağı kimi tanıması qeyd edilir. ABŞ beynəlxalq hüquqa görə belə tanıma səlahiyyətinə malik deyil. BMT Nizamnaməsi bu cür addımları birmənalı şəkildə qadağan edir”.
Ekspert əlavə edib ki, bu şərtlərlə sülhün əldə olunması münaqişəni həll etmir:
“Ukrayna bu bəndlərlə razılaşmayacaqsa, ABŞ-nin tanımasının hüquqi və praktiki əhəmiyyəti yoxdur. Bu, yalnız münaqişənin davam etməsinə səbəb olacaq. Ona görə bu sülh layihəsinin qəbul olunması nə Kiyev, nə də Avropa İttifaqı üçün real görünmür”.
Ənvər Ağazadə ABŞ-nin bu sənədi irəli sürməsinin iki əsas izahını təqdim edir:
“Birinci ehtimal ondan ibarətdir ki, ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq, müharibəni tezliklə bitirib bütün diqqətini əsas rəqibi olan Çinə yönəltmək istəyir. ABŞ üçün artıq Rusiya prioritet rəqib deyil. Sanksiyalar Rusiyanın iqtisadiyyatını ciddi zəiflətdi. Neft şirkəti “Lukoyl” hətta səhmlərini sata bilmək üçün sanksiyaların müvəqqəti dayandırılmasını xahiş edir. Çin Rusiyanın neftini 36 dollara alır, əvəzində mal göndərir və həmin mallar müharibə üçün istifadə olunur. Rusiya faktiki olaraq öz sərvətlərini müharibədə əridir. Bu mənzərədə ABŞ Rusiyanı yox, Çini əsas təhlükə hesab edir”.
Ekspert ikinci ehtimalın daha fərqli məntiqə əsaslandığını vurğulayıb:
“ABŞ çox yaxşı bilir ki, bu şərtləri Ukrayna qəbul etməyəcək. Prezident Volodimir Zelenski istefa versə belə, gələcək prezident də bu sənədə imza ata bilməz. Heç bir ukraynalı lider belə bir kapitulyasiyaya razı olmaz. Bu o deməkdir ki, Vaşinqton əslində müharibənin bir qədər də uzanmasını, Rusiyanın tam çöküb ABŞ-yə iqtisadi cəhətdən tabe olmasını gözləyir. Yəni təqdim edilən layihə real sülhə aparmır, yalnız prosesin uzanacağı əvvəlcədən məlum olan bir siyasi addımdır”.
Politoloq bildirib ki, sənəd qəbul olunmayacağı halda Rusiyanın G8 formatına qayıdışı da mümkün olmayacaq:
“Əgər sülh razılaşması əldə edilməsə, atəşkəs imzalanmasa, Rusiyanın G8-ə geri dönüşü reallaşmayacaq və mövcud sanksiyalar davam edəcək. Hazırkı vəziyyət göstərir ki, müharibə müəyyən müddətdə davam edəcək. Ya Ukrayna Rusiyanın istədiyi əraziləri itirərək məğlubiyyəti qəbul etməlidir, ya da Rusiya iddialarından geri çəkilməlidir”.
Ənvər Ağazadə sonda qeyd edib ki, Avropa ölkələri və Türkiyə Ukraynanın təhlükəsizliyini birbaşa öz təhlükəsizlikləri hesab edirlər:

“Zelenski iki gün əvvəl Türkiyəyə səfər etdi və Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, Ukraynanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Bu fonda Trampın təklif etdiyi 28 maddəlik sülh planının qəbul ediləcəyi real görünmür. Belə olan halda Rusiyanın G8-ə qaytarılması da gözlənilən deyil”.
Qiymət Mahir
tag: Ənvər Ağazadə,Politoloq,G8,ABŞ,Todaypress.tv,
