"3+3" formatlı görüş yaxın zamanda baş tutmayacaq — Deputat AÇIQLADI
Təhlil
28.11.2025 15:52
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, növbəti “3+3” formatlı regional görüşün tarixi və yeri hələ də dəqiqləşməyib.

Artıq bir neçə aydır ki, iclasın təşkili müzakirə edilir. İştirakçı ölkələr görüşün İrəvanda və ya Bakıda keçirilməsi ehtimallarını nəzərdən keçirirlər. Ermənistan XİN xatırladıb ki, əvvəlki toplantının yekunlarına əsasən tərəflər növbəti görüşün tarixini və yerini diplomatik kanallar vasitəsilə müəyyənləşdirmək barədə razılığa gəliblər. Bu razılıq qarşılıqlı anlaşmaya əsaslanır və yaxın iki iclasın İrəvan və Bakı arasında paylanmasını nəzərdə tutur.
Maraqlıdır, görüşlə bağlı yekun qərar niyə gecikir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu izah edib ki, yaxın aylarda regionda “3+3” formatında tədbirin keçirilməsi tərəflərin prioritetləri sırasında deyil:

“Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın əsas xarici siyasət prioriteti Ukrayna ilə müharibədə qərar qəbul etməkdir. İranın əsas xarici siyasət prioriteti isə Yaxın Şərq, "Hizbullah" və HƏMAS məsələləri ilə bağlı qərarlar qəbul etməkdir. Türkiyə və Azərbaycan buna hazırdır, ancaq Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr olmadığından “3+3” formatı daha çox “3+2” formatı kimi nəzərdən keçirilə bilər. Ermənistanda isə hazırda seçki məsələləri gündəmdədir".
Görüşün keçirilməsi ilə bağlı şifahi razılaşmaların olması müsbət haldır, lakin reallaşması üçün Zəngəzur dəhlizinin də iş rejimi və layihələndirilməsi ilə bağlı müəyyən addımlar atılmalıdır ki, müzakirə olunacaq konkret məsələlər olsun. Bu səbəbdən belə bir görüşün yaxın aylarda keçirilməsi mümkün görünmür. Bu məsələlər həll olunduqdan sonra görüşün təşkili daha real olacaq”.
Parlamentari sonda əlavə edib ki, “3+3” formatı regional inteqrasiya və əməkdaşlıq üçün mühüm platforma hesab edilməlidir.
Qiymət Mahir
tag: Hikmət Babaoğlu,Deputat,3+3,Görüş,Todaypress.tv,
