“Bu hadisələrin şahidləri vəziyyətin dəyişməsinə hazır olmalıdırlar!” – Ramiz Yunusdan MESAJ
Təhlil
28.10.2025 12:50
"Ermənistan cəmiyyətinin Azərbaycanla səmimi şəkildə sülhə can atdığına inanmaq çox çətindir".
TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu “Facebook” hesabında yazıb.
O, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan son təmaslara münasibət bildirib.
Professorun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin, o cümlədən vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistana səfəri hər iki ölkədə geniş müzakirələrə səbəb olub. Bu səfərin doğurduğu həm müsbət, həm də tənqidi reaksiyalar bir daha göstərir ki, yalnız son onilliklərdə iki qanlı müharibədən keçmiş bu ölkələr arasında sülh prosesi hələ də çox ağrılı və həssas mərhələdədir.
Ramiz Yunus yazıb ki, Ermənistan cəmiyyətinin sülhə hazır olduğuna inanmaq onun üçün çətindir:
“İki müharibəni öz gözləri ilə görmüş və böyük siyasətdə 35 illik təcrübəyə malik bir nəslin nümayəndəsi kimi səmimi etiraf edirəm: bütün müharibələrin bir gün sona çatdığını bilsəm də, bu gün Ermənistan cəmiyyətinin Azərbaycanla səmimi şəkildə sülhə can atdığına inanmaq mənim üçün çox çətindir. Bu təkcə Paşinyanın siyasi rəqiblərinə deyil, həm də onun özünə, tərəfdarlarına və bütövlükdə erməni cəmiyyətinə aiddir. Onlar daxilən Qarabağın birdəfəlik Azərbaycanın hüquqi məkanına qayıtmasını qəbul edə bilmirlər".
Professor vurğulayıb ki, illərlə davam edən qarşıdurma dövründə Azərbaycanla səmimi sülh istəyən yeganə erməni Georgi Vanyan olub:
“Onunla bir dəfə televiziyada canlı efirdə görüşmüşəm. O anlayırdı ki, həqiqət Azərbaycanın tərəfindədir və açıq şəkildə deyirdi ki, münaqişəyə məhz Ermənistan səbəb olub, çünki özgənin haqqına tamah salıb. Elə buna görə də Georgi Vanyan erməni cəmiyyətinin təhqirlərinə məruz qaldı".
Ramiz Yunusun fikrincə, Ermənistan cəmiyyətində Georgi Vanyan kimi düşünən insanlar çoxluq təşkil etmədikcə, xalqlar arasında barışıq prosesi emosional gərginliklərlə müşayiət olunacaq:
“Lakin başqa yol yoxdur, çünki sülhün alternativi müharibədir. Ermənistanda İkinci Qarabağ müharibəsinin nəticələri nə qədər ağrılı qəbul olunsa da, müasir Azərbaycanda artıq heç kim heç vaxt nə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, nə də sovet işğalı illərində yol verilmiş tarixi səhvlərin təkrarlanmasına imkan verəcək. Məhz buna görə də Ermənistanda keçiriləcək növbəti seçkilər və yeni Konstitusiyanın qəbuluna dair referendum ölkə cəmiyyətinin əsas seçim məqamı olacaq. Bu, bir sualın cavabını verəcək: Siz Azərbaycanla sülh, yoxsa müharibə tərəfdarısınız? Qərarı ermənilərin özü verməlidir. Biz isə Azərbaycanda baş verənləri diqqətlə izləyəcəyik. Xüsusilə də bizim nəsil – bu hadisələrin şahidləri vəziyyətin istənilən inkişafına ciddi şəkildə hazır olacağıq. Bizim özgənin torpağında gözümüz yoxdur, amma özümüzünkünü də artıq heç kimə verməyəcəyik".
Professor sonda qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsidən sitat gətirib:
"Səhvi düzəltməmək ən böyük səhvdir".
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Ermənistan,Todaypress.tv,
