ABŞ – İran müharibəsi niyə İslam dünyasının cihadına çevrilmədi?

Təhlil

08.04.2026 14:39

Yaxın Şərqə uzaq düşüncələr

Yaxın Şərqlə tədqiqat aparan istənilən araşdırmaçının qeydləri böyük ehtimalla eyni məzmunlu notlarla yekunlaşır.

Qədim sivilizasiya olması faktı dəyişdirmir. Təkcə, son 100 ildə Yaxın Şərq Coğrafiyasında irili-xırdalı 100-dən artıq müharibə baş verib.

Hətta bütün dünyada sülh olsa belə, bu regionda toqquşmaların baş verməsi qaçınılmazdır.

Bölgədə üzü Karfagendən Romaya, İsgəndərə, Xilafətə, Sasanilərə və onlarla türk imperiyalarına qədər, müasir dövrün işğalları daxil – İngilis, fransız, rus, Osmanlı, hətta ABŞ və s. güc mərkəzlərinin təmsil olunması ilə xarakterik olan dövrlərdə bölgə qan içində üzüb.

20-ci əsri neft erası adlandıran Daniel Yergin qan əvəzinə torpağın artıq rifah suyu axıdacağına ümid etmirdi. Lakin neft də nəticədə yanacaq növü idi və bu yanacaq ifadəsi onun gətirəcəyi rifahı çoxdan Midiya Yağının işığı ilə nurlanan lampaların rəqsində söndürmüşdü.

Yaxın Şərqi hər baxış sahibi bir cür araşdıra bilər. O da ki, baxır kim nədən istifadə edir:

İslamın müqəddəs Kitabından hədislərə, Min bir gecə nağıllarının ay işığına bürünən sehrində, ingilis yazarlarının şərq melodramalarında, bir sözlə, tapa bildikləri hər mənbədə, lakin fərqli öyrənməyə məhkum qalırlar.

Düşünəndə ki, çox deyil, cəmi 50 il əvvəl bu bölgədə Livan adlı bir dövlət olub (İndi də var, sadəcə dövlət deyil.) və onu “Yaxın Şərqin Parisi” adlandırıblarmış, təkcə bu, nəticə çıxarmağa bəs edir ki, söhbət necə bir yerdən gedir.


Cihada çağırış kim üçün idi? 

Bir çox müsəlmanın sevərək oxuduğu Ali İmran surəsi, 103-cü ayəsi  böyük bir istinad mənbəsi yaradır:

“Hamınız birlikdə Allahın ipindən (Quran və dinindən) möhkəm yapışın və ayrılmayın! Allahın sizə olan nemətini xatırlayın: Siz bir-birinizə düşmən idiniz, O sizin qəlblərinizi birləşdirdi və siz Onun lütfü ilə qardaş oldunuz.” (Ali İmran, 3:103)

Bəs, belə bir ayənin nüzul səbəbi nə idi?

Bu ayə Mədinədəki Əvs və Xəzrəc qəbilələri ilə bağlı nazil olmuşdu. Cahiliyyə dövründə bu iki qəbilə arasında uzun illər qanlı müharibələr (xüsusilə Buas günü döyüşü) baş verir. Onlar bir-birinə qatı düşmən idilər.

İslam gələndən sonra hər iki qəbilə müsəlman olur  və Peyğəmbər sayəsində qardaşlaşırlar. Amma bir gün Şas ibn Qays adlı bir yəhudi onların yanından keçərkən onların birliyini görüb qısqanır. Bir yəhudi gənci göndərib onlara Buas döyüşünün şerlərini oxutdurur və keçmiş qələbələri xatırladır.

Bu, qəbilələr arasında yenidən mübahisə və qarşıdurmalara səbəb olur. Silahlara əl atdılar, “Silah başına!” deyə qışqırdılar. Peyğəmbər xəbər tutub yanlarına gəldi və buyurdu: “Siz hələ də cahiliyyə çağırışı edirsiniz? Halbuki mən aranızdayam, Allah sizə İslamı izzət verdi, cahiliyyəni kəsdi və qəlblərinizi birləşdirdi!”

Səhabələr dərhal silahları atdılar, bir-birindən üzr istədilər, qucaqlaşıb barışdılar. Bu hadisədən sonra ayə nazil oldu və Allah bu neməti xatırlatdı. (İbn Kathir və digər təfsirlərə görə).

Bu hekayəyə görə, düşmənlər (burada yəhudilər) həmişə müsəlmanların birliyini pozmağa çalışır və birlik cihad üçün ən böyük güc mənbəyidir.

Bəs, islam ümmətini, Müsəlman qardaşını qorumaq üçün cihada cağırışın hekayəsi necə meydana çıxmışdı?

Peyğəmbər Abdullah ibn Cahşı və bir neçə səhabəni Qurayşın hərəkətlərini izləmək və məlumat toplamaq üçün Nəxlə vadisinə göndərir. Peyğəmbər onlara bir məktub verir və deyir ki, “iki gün keçəndən sonra açın”. Onlar iki gün keçəndən sonra məktubu açırlar. Məktubda Nəxlədə düşmənin vəziyyətini izləmək əmri olur, amma açıq şəkildə döyüş əmri verilmir.

Onlar orada Qurayş karvanı ilə qarşılaşırlar. Səhabələr (bəzi rəvayətlərə görə) şəxsi təşəbbüslə hücum edirlər. Amr ibn əl-Hadramini öldürürlər, iki nəfəri əsir götürürlər və qənimət alırlar. Bu hadisə haram ayda (Rəcəb ayında) baş verir və bu səbəbdən böyük narahatlıq yaranır. Qurayş müsəlmanları tənqid edir və deyir ki, “siz haram ayda döyüşürsünüz”.

Səhabələr geri qayıdıb hadisəni Peyğəmbərə danışırlar. Peyğəmbər narazı qalır və qəniməti qəbul etmir, çünki döyüşə icazə verilməmiş olur.

Bu hadisədən sonra 216-cı ayə (və ardınca gələn 217–218-ci ayələr) nazil olur.

Ayələr həm cihadın vacibliyini bildirir, həm də insanların xoşuna gəlməyən şeylərin (məsələn, döyüşün) bəzən xeyirli ola biləcəyini vurğulayır. 217-ci ayə isə xüsusilə haram ayda döyüş məsələsini açıqlayır: haram ayda döyüşmək böyük günah sayılır, amma insanları Allah yolundan döndərmək, Kəbəyə mane olmaq və zülm etmək daha böyük günah hesab olunur.

Bütöv bir islami dünyagörüşü, dünyadakı 2 milyard insanın həyatını şəriət qaydaları əsasında qurması, yaşaması və ona görə ömrünü fəda etməsinin rəqəmi, həddi və həcmi olduqca böyükdür. Belə bir ümmət gücünü qarşısına ala biləcək hansısa qlobal oyunçunun keçmiş tarixdə arxasında buraxdığı onlarla nümunələr varkən...


Ötən ilin iyununda hələ də ötməyən İran – İsrail müharibəsinin başlanması İslam dünyasında ikitirəliyə, parçalanmalara səbəb oldu.

Hələ iyun müharibəsində anlamaq mümkün idi ki, İranın müharibəyə cəlb edilməsi proksi gücləri də hərəkətə gətirəcək, nəticədə bütün regionu, qonşu ölkələri və İslam dünyasını əhatə edən dinamikaları sarsıdacaq, bəzi ölkələr üçün seçim imkanını aradan qaldıracaq, onları savaşın bir hissəsinə çevrilməyə məcbur edəcəkdir.

İyun müharibəsindən əldə edilən təcrübələr yarım il sonra başlayacaq İsrail/ABŞ – İran müharibəsində istifadə ediləcəkdir.

Amma əsas məsələ: İslam dünyasının nüvəsini təşkil edən ərəb ölkələri özünün siyasi idarəetməsini şəriətə həsr etmiş İranın islam respublikası ilə hansı mərhələdə əməkdaşlıq etməyə üstünlük verəcəyi əsas suallardan idi:

Axı bu dövlətlər islam və ərəb adına ortaya konkret mövqe qoymalı idilər.

Ərəb və Avropa beyin mərkəzlərinin hələ ötən il – 12 günlük müharibədən sonra keçirdiyi sorğularda maraqlı nəticələr əldə edildi:

2025-ci il üzrə yayımlanan Arab Opinion Index 2025 sorğusu Yaxın Şərqdə və Şimali Afrikada ictimai rəyin əsas istiqamətlərini ortaya qoyur. Noyabr 2024-dən avqust 2025-ə qədər keçirilən və 15 ərəb ölkəsində 40 130 nəfərin iştirak etdiyi sorğu, İran–İsrail–ABŞ arasında 2025–2026-cı illərdə baş verən eskalasiya, o cümlədən “Roaring Lion” əməliyyatı fonunda xüsusilə акtual hesab olunur.

Sorğunun nəticələrinə görə, ərəb regionunun təhlükəsizliyi üçün ən böyük təhlükə kimi İsrail göstərilir — respondentlərin 44%-i bu fikirdədir. İkinci yerdə ABŞ (21%), üçüncü yerdə isə İran (6%) qərarlaşıb.

Öz ölkələrinin təhlükəsizliyi baxımından da oxşar tendensiya müşahidə olunur. Respondentlərin 28%-i İsraili əsas təhlükə kimi görür. ABŞ 10%, İran isə 8% səviyyəsində qiymətləndirilir.

Regionlar üzrə fərqlər də diqqət çəkir. Məşriq ölkələrində (İraq, İordaniya, Livan, Fələstin, Suriya) İsrail açıq fərqlə birinci yerdədir — 53%. ABŞ və İran isə hər biri 16% ilə eyni səviyyədədir. Körfəz ölkələrində İran daha çox təhlükə kimi qəbul olunur (14%), xüsusilə Küveytdə bu göstərici 35%-ə çatır. İsrail burada 9% səviyyəsindədir. Mağrib regionunda isə İsrailin təhlükə kimi qavranılması xeyli aşağıdır (9%), İran isə demək olar ki, qeyd olunmur.

Siyasi mövqelərə münasibətdə də diqqətçəkən nəticələr var. Respondentlərin 84%-i İsrail siyasətinin region sabitliyi üçün təhlükə yaratdığını düşünür. ABŞ siyasəti ilə bağlı bu göstərici 77%, İran siyasəti ilə bağlı isə 53% təşkil edir.

Sorğu həmçinin İsraillə münasibətlərin normallaşdırılmasına qarşı güclü ictimai müqaviməti ortaya qoyur. Ümumilikdə respondentlərin 87%-i normallaşmaya qarşıdır. Bu göstərici Liviya (96%), İordaniya (95%) və Küveytdə (94%) daha yüksəkdir.

(Mənbə: Tam hesabat  arabcenterdc.org/resource/arab-opinion-index-2025)

Sorğunun digər  nəticələrinə görə, bu dövrdə ABŞ-ın nüfuzu kəskin şəkildə azalır, əvəzində Çin, Rusiya və İran kimi ölkələr daha “legitim” və alternativ güc kimi qəbul olunur.

İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ərəb regionuna yönəlmiş xarici siyasətinə münasibət ölkələr üzrə fərqli nəticələr göstərir. 

Xameneinin ərəb regionuna xarici siyasətinə münasibət (yaxşı/çox yaxşı): 

Tunis → 49% 

İraq → 48% (Şiələrdə çox yüksək)

Fələstin → 36% 

Mərakeş → 35% 

Livan → 29%

İordaniya → 19% 

Suriya → çox aşağı (~5%)


Fevralda başlayan müharibəyə İslam dünyasında, ərəb ölkələrində ictimai münasibətə bir daha baxmaq daha faydalıdır:

2026-cı ilin mart ayında İslam/Müsəlman ölkələrində keçirilən əsas adekvat sorğunu  GeoPoll-un “Global South Perceptions of the Iran–Israel–U.S. Conflict” hesabatı ilə reallaşdırıb.

Bu, mart 2026-cı ilin əvvəlində (əsasən ilk həftə, fevralın sonu – martın əvvəli eskalasiya dövründə) keçirilib və İran-ABŞ-İsrail müharibəsinə birbaşa münasibəti əks etdirir.

Sorğu detalları:

Ölkələr: Pakistan, Səudiyyə Ərəbistanı, Misir, Keniya, Nigeriya, Cənubi Afrika (ümumilikdə ~3754 respondent, ölkələrə görə 500-700 nəfər).

Metod: Onlayn panel (GeoPoll), strukturlaşdırılmış suallar.

(Tam hesabat -  geopoll.com/blog/iran-israel-us-conflict-report)

Əsas rəqəmlər (ümumi ortalamalar):

Müharibə haqqında məlumatlılıq: 100% respondentlər xəbərdardır.

Günahı kimin üstünə qoyurlar?

o İsrail → 38%

o ABŞ → 29%

o İran → 18% (ən aşağı)

Nüvə silahı istifadəsi ehtimalı: 70% inanır ki, istifadə oluna bilər.

Üçüncü Dünya Müharibəsi başlana bilər: 72%

Qərb mediası feyk yazır: 25%

İqtisadi təsir:

o Yanacaq qiymətləri artıb → 70%

o Yaşayış xərcləri narahatlığı → 69%

Hökumətlər nə etməlidir?: 54% sülh çağırışı etməsini istəyir.

ABŞ-a münasibət pisləşib: 43%

Ölkələrə görə vacib fərqlər (xüsusilə müsəlman ölkələrdə):

Pakistan (ən güclü İran tərəfdarı): 82% İranı dəstəkləyir. Ən polarize və intensiv cavablar buradadır.

Misir: 49% İranı dəstəkləyir.

Səudiyyə Ərəbistanı: Yalnız 20% İranı açıq şəkildə əleyhinədir, 65% “heç bir tərəfi dəstəkləmir” deyir (İrana qarşı yumşaq mövqe).

Digər Afrika ölkələrində (Keniya, Nigeriya, Cənubi Afrika) də ABŞ-İsrailə qarşı neqativlik üstünlük təşkil edir, amma dəstək səviyyəsi Pakistan/Misir qədər yüksək deyil.


Bir sözlə, Ərəb ölkələrində İranla bağlı münasibət ümumilikdə aşağı və məhduddur. Arab Opinion Index 2025 göstərir ki, İran region üçün əsas təhlükə kimi cəmi 6% tərəfindən seçilir və bu, İsrail və ABŞ-dan xeyli geri qalır. Öz ölkəsinə təhlükə kimi görənlər də yalnız 8% civarındadır.

Arab Barometer 2025 nəticələrinə görə isə İranın siyasətinə müsbət baxanlar bəzi ölkələrdə mövcud olsa da, heç bir ölkədə əksəriyyət təşkil etmir. Ən yüksək göstəricilər belə (Tunis 49%, İraq 48%) 50%-i keçmir, bir çox ölkədə isə bu rəqəm xeyli aşağıdır (İordaniya 19%, Suriya ~5%).

İranın Fələstinə dəstəyi müəyyən simpatiya yaratsa da, onun regional siyasəti və nüvə proqramı narahatlıq doğurur, buna görə də ərəb-İslam ölkələrində ümumi dəstək aşağı səviyyədə qalır.

İranın şiəlik baxışı – islamda parçalanma siyasəti kimi

İslamda Sünni və Şiə bölünməsi (konflikti) əsasən siyasi varislik məsələsindən qaynaqlanır və sonradan dini, mədəni və geosiyasi xarakter almışdır. Bu konfliktin ən mühüm mərhələlərindən biri İran (tarixi Persiya) üzərindən keçir, çünki 16-cı əsrdə Səfəvi dövləti İranı məcburi şiələşdirməklə regionda sünni-şiə qarşıdurmasını dərinləşdirmiş və bugünkü geosiyasi xətləri formalaşdırmışdır. Aşağıda tarixi faktlar qısa və obyektiv şəkildə verilir.

Konfliktin əsas mənşəyi 7-ci əsrə gedib çıxır. 632-ci ildə Peyğəmbər Məhəmməd vəfat edəndən sonra varislik mübahisəsi başlayır. Sünnilər (Ahl as-Sünnə) Əbu Bəkrin xilafətə seçilməsini (şura yolu ilə) dəstəkləyir. Şiələr (Şiat Əli) isə Məhəmmədin qohumu və kürəkəni Əli ibn Əbi Talibin ilahi təyinatla varis olduğunu iddia edir. 680-ci ildə Kərbəla hadisəsi baş verir. Əlinin oğlu Hüseyn və onun tərəfdarları Üməyyə xilafəti tərəfindən Kərbəlada qətlə yetirilir. Bu hadisə şiələr üçün əbədi zülm simvoluna çevrilir və bölünməni daha da dərinləşdirir. Sünnilər əksəriyyəti təşkil edir (təxminən 85%), şiələr isə azlıq olur.

Bu dövrdə İran (ərəblər tərəfindən 7-ci əsrdə fəth olunmuşdu) əsasən sünni olur və Şafi məzhəbi üstünlük təşkil edir. İran təxminən 9 əsr boyunca Üməyyə və Abbasilər kimi sünni xilafətlərin təsiri altında qalır.

1501-ci ildə Səfəvi hökmdarı Şah İsmayıl Təbrizdə özünü “şahənşah” elan edir və On İki İmam Şiəliyini dövlətin rəsmi dini elan edir. O vaxta qədər İran əhalisinin böyük əksəriyyəti sünni olur. Bu dövrdə məcburi konversiya siyasəti həyata keçirilir. Əbu Bəkr, Ömər və Osman xəlifələrinə açıq şəkildə lənət oxunur. Şiə alimlər İraq, Suriya və Ərəbistan yarımadasından gətirilir. 16–18-ci əsrlər ərzində İran tam şiə bastionuna çevrilir. Bu proses təxminən 3 əsr davam edir. Bu da maraqldır ki, Səfəvilər mənşəcə Ərdəbildən (Azərbaycan ərazisindən) çıxır və bu siyasəti Osmanlı İmperiyasına qarşı siyasi vasitə kimi istifadə edirlər. 16–17-ci əsrlərdə Səfəvilər ilə Osmanlılar (sünni xilafəti) arasında çoxsaylı müharibələr baş verir. Bu müharibələr nəticəsində müasir İran-Türkiyə sərhədləri formalaşır və regionda sünni-şiə demoqrafiyası möhkəmlənir. İran, İraq və Azərbaycan şiə çoxluğa çevrilir, ətraf ölkələr isə əsasən sünni qalır. Osmanlılar şiələri “rafizi” adlandırır, Səfəvilər isə sünniləri lənətləyir. Bu qarşılıqlı münasibət bugünkü bəzi ifadələrin də mənşəyini təşkil edir.

Bu tarixi proseslərin nəticəsi müasir dövrdə də davam edir. Səfəvi siyasəti İranı şiə mərkəzinə çevirir və bu rol 1979-cu il İran İslam İnqilabından sonra daha da güclənir. Bu gün İran Hizbullah, Husilər və digər qruplar vasitəsilə regionda “şiə hilalı” siyasəti aparır. Səudiyyə Ərəbistanı və digər sünni ölkələrlə dolayı müharibələr (Suriya, Yəmən) davam edir. 

Sırf bu cür yanaşmalar İranın islam dünyasındakı rolu ilə bağlı şübhələri artırır.


Qayıdaq yazının baş sualına:

İranın ABŞ və İsraillə qarşıdurmasında niyə bu, “ümmətin ümumi savaşı”na çevrilmədi?

Təsəvvür edin: 2024-cü ilin aprel gecəsi, İordaniya səmalarında F-16-lar ulduz kimi parıldayır, İran dronları isə yavaş-yavaş, amma qəsdən “qardaş” ölkələrin hava məkanından keçərək İsrailə doğru sürünür. Kral II Abdullah əmr verir: “Vurun! Heç kim bizim səmamızı toxuna bilməz!” 

Şübhəsiz ki, bütün 2023-cü ildə baş verən hadisələr İrandan canavar düzəltməyə yönəlmişdi. Nəticəsi o idi ki, dollar ölkələri İbrahim Sazişlərinə qoşularaq, İran qorxusuna görə trilyonlarla dolları təhlükəsizliklərinin təminatı adı altında ABŞ-a verməli oldular. 

Ərəb ölkələri əslində ABŞ və İsraili müttəfiq kimi  çox istədiyindən seçməmişdi. Hələ, 1979-cu il İran İnqilabı ilə başlayan düşmənçilik, 1980-88 İran-İraq müharibəsində zirvəyə çatdı: Ərəb dövlətləri (Səudiyyə başda olmaqla) İraqa dəstək verdi, çünki Tehran əraf ölkələrə “İslam inqilabı”nı ixrac etmək istəyirdi. Daha sonra bizi proksi müharibələr müşayiət etdi  – İranın “Müqavimət oxu” (Hizbullah, Husilər, İraq milisləri) ərəb monarxiyalarını daxildən didişdirdi.

2019-cu il sentyabrın 14-də səhər tezdən İran dronları (və ya İranın dəstəklədiyi Husilər) Səudiyyənin Aramco neft obyektlərinə zərbə vurdu. Abqaiq – dünyanın ən böyük neft emalı zavodu – alov dənizinə çevrildi. 5,7 milyon barel neft istehsalı itkisi baş verdi, qlobal neft qiymətləri 15% qalxdı. O dövrdə Səudiyyə rəsmiləri çıxıb ekranlarda qalıqları dünyaya göstərdi: dronlar İran istehsalı idi, hücum şimaldan (Yəməndən yox!) gəlmişdi. BMT və ABŞ da İranı günahlandırdı. Bu, hücum ərəb iqtisadiyyatına “bıçaq saplamaq” idi. Səudiyyə və BƏƏ artıq anlayırdı: İran onları “arxa həyət”i kimi görür, Husilər vasitəsilə Yəməndə müharibə aparır, Qırmızı dənizdə gəmiləri batırır, iqtisadiyyatlarını iflic edir.

Bax bu qorxudan sonra 2020-ci ildə Abraham Sazişləri doğuldu: BƏƏ, Bəhreyn, sonra Mərakeş və Sudan İsraillə sülh imzaladı. Rəsmi səbəb öz yerində, əsl səbəb İran təhdidi idi. BƏƏ rəhbərliyi bunu açıq-aşkar deyirdi: “İranın raketləri və proksiləri qarşısında ABŞ tək kifayət deyil, İsrailin də hərbi üstünlüyü lazımdır”. Səudiyyə də gizli-gizli İsraillə əməkdaşlıq edirdi. Kral Salman anlayırdı ki,  İranın nüvə proqramı və ballistik raketləri Körfəz monarxiyalarını hədəf alır. 

2024-cü ilin aprelində İsrailin Dəməşqdə yerləşən İran konsulluğunu hədəf almasına cavab olaraq Tehran “Həqiqi Vəd” adlı hərbi əməliyyat elan etdi. İran bu çərçivədə 170-dən çox pilotsuz uçuş aparatı, 30-dan artıq qanadlı raket və 120-dən çox ballistik raket buraxdı. Rəsmi Tehranın bunu “cavab zərbəsi” kimi təqdim etməsinə baxmayaraq, hadisələr ərəb ölkələrində fərqli reaksiya doğurdu.

İlk dəfə aprel hadisələri real meydanda İranın ərəb ölkələri üçün nə qədər böyük təhlükə olduğunu hiss etdirdi.

Hələ 2010-cu illərin ortalarından etibarən ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ İranın raket və dron potensialını əsas təhlükə kimi görərək ABŞ-la birgə hava və raket müdafiə sistemlərini gücləndirməyə başlamışdı.

Analitiklər bu gün  qeyd edir ki, bu hadisələrdə iki paralel xətt kəsişir:

Sünni–şiə geosiyasi rəqabəti 

Ərəb–fars strateji qarşıdurması

Göründüyü kimi, Yaxın Şərqdə növbəti bir pərdə endi.

Dumanlı Şimalın eynisi kimi Şərqdə də göz-gözü görmür. Fəqət, burda bombalardan səma yoxa çıxır, insanlar görünməz olurlar.

Yaxın Şərqin tale yazısında Neft, Qan, Din qədər mühüm bir komponent var: Onun adı Yoldur.

Min il əvvəllərdə, min il sonra da müasir fiziki coğrafiya qaldıqca Şərqin bu hissəsi əsas kommunikasiya ötürücüsü kimi rolunu daha da artıracaq.

Çünki Yaxın Şərq Şərqi Qərbə, Şimalı Cənuba – Aralıq dənizi ilə bağlamaqla yeni siyasi ehtiraslara geniş siyasi-coğrafi meydan açır.

İpək Yolu dövründə (e.ə. II əsr – e. XVI əsr) karvanlar Xorasandan, Bağdaddan, Dəməşqdən keçərək ipək, ədviyyat və məlumat daşıyırdı. Bu yol imperiyaları zənginləşdirdi, imperiyaları yıxdı. Osmanlılar bu yolu əlində saxlayırdı deyə,  Avropa “Yeni Dünya”ya üz tutdu. Britaniya imperiyası Süveyş kanalını ələ keçirəndən sonra Hindistanı idarə etməyə başladı. Bu gün isə Çin “Bir Kəmər, Bir Yol” layihəsi ilə eyni coğrafiyanı yenidən canlandırmağa çalışır.

Müasir dövrdə isə paradoks daha da artır: Bombalar səmanı qaraldanda belə, Yol dayanmır. 2023-2024-cü illərdə Qırmızı dənizdəki gərginlik səbəbindən bəzi gəmilər Afrikanın ətrafından dolanmağa məcbur oldu – bu, dünya ticarətinə əlavə 10-14 gün və milyonlarla dollar xərcə səbəb oldu. Bir kiçik boğaz bağlananda bütün dünya onu elə boğazında da  hiss edir.

Bir sözlə, Yaxın Şərqin əsl gücü nə neftdir, nə də din. Onun əsl gücü coğrafi mövqedir – Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən qapı olmaq.

Hər yeni müharibə, hər yeni pərdə bu qapını bağlamağa çalışır. Amma coğrafiya unutmur. O, sadəcə gözləyir. Çünki dağlar, dənizlər və boğazlar siyasətdən daha sərt, daha uzunömürlüdür.

Yol burada əbədidir. Qalan hər şey – keçicidir.


Əziz Əlibəyli - Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

tag: ABŞ,İran,İslam dünyası,Cihad,Todaypress.tv,