ABŞ-də ilk: “Fələstin dövlətinin tanınması ehtimalı...”

Təhlil

19.09.2025 16:20

ABŞ Senatında ilk dəfə olaraq Fələstinin tanınmasına dair qətnamə irəli sürülüb. 

Qətnaməni bir qrup demokrat senator təqdim edib və sənəddə Prezident Donald Trampın rəsmi şəkildə Fələstin dövlətini tanıması tələb olunur. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə problemləri aradan qaldıra bilməz.

Onun sözlərinə görə, İsrailin bölgədə daha geniş geosiyasi planları mövcuddur:

"İsrailin Baş naziri son çıxışında tarixi sənədlərə istinad edərək "müqəddəs torpaqlar"a qayıdışdan danışdı. Bu isə bölgədə yeni proseslərin başlaya biləcəyinə işarədir".

Politoloq qeyd edib ki, ABŞ-nin dəstəyi Yaxın Şərq siyasətində həlledici rol oynayır:

"Donald Trampın hakimiyyətə gəlişində yəhudi lobbisinin təsiri danılmazdır. Məhz Tramp ilk prezidentlik dövründə Qüdsü İsrailin paytaxtı elan etdi. Trampın yəhudilərə bir mənəvi borcu var və bunu da göstərir. ABŞ-nin siyasi və hərbi dəstəyi bölgədə aparılan siyasətin əsas dayağıdır. Bu, Amerika strategiyasının tərkib hissəsidir".

Analitik əlavə edib ki, demokratların Fələstin dövlətini tanımaq təşəbbüsü daha çox daxili siyasi məqsədlərlə izah oluna bilər. 

Onun fikrincə, əgər bu məsələ real niyyətlə irəli sürülsəydi, Baydenin hakimiyyəti dövründə həyata keçirilə bilərdi. İndi isə bu addım daha çox respublikaçılara təzyiq, İsraillə Tramp arasına nifaq salmaq kimi görünür.

Azad Məsiyev vurğulayıb ki, ABŞ-nin Yaxın Şərqdəki strategiyası sabit olaraq qalır və yaxın perspektivdə Fələstin dövlətinin tanınması ehtimalı aşağıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,ABŞ,Fələstin,Todaypress.tv,

photo