Ermənistanda iki qütbün savaşı: İrəvan Moskvanın kölgəsindən çıxmağa çalışır?
Təhlil
28.10.2025 15:21
Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, 44 günlük müharibə zamanı Vladimir Putin İrəvandan “İttifaq Dövləti”nə - yəni Rusiyanın tərkibinə qoşulmağı tələb edib. O, həmçinin 1999-cu il 27 oktyabr parlament qətliamının da bu məqsədə, yəni Ermənistanın suverenliyini zəiflətməyə xidmət etdiyini deyib.
“Ermənistan bu ittifaqın tərkibinə daxil edilməlidir”
Sözügedən mövzu ilə bağlı TodayPress TV -yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya Ermənistanda istədiyi dayağı tapa bilmir:

"Bununla bağlı əvvəllər də iddialar var idi ki, Rusiya Ermənistanı İttifaq Dövlətinə daxil etmək istəyir. Hətta Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl Rusiyada müəyyən fikirlər səsləndirilirdi ki, Ermənistan bu ittifaqın tərkibinə daxil edilməlidir. Ancaq bunu Ermənistanda bəzi qüvvələr qəbul etmək istəmirdilər. Çünki Ermənistanda Rusiyaya qarşı aqressiya kifayət qədər güclüdür. Rusiyanın Ermənistandakı nüfuzu o qədər də yüksək deyil ki, Erməni xalqı bunu qəbul etsin".
“Rusiyanın bu ölkə üzərindəki mövqeyi çox güclüdür”

Ekspert qeyd edib ki, Ermənistan hazırda Moskvanın deyil, Brüsselin masasına daha yaxın görünür:
"Keçirilən son seçkilər də sübut etdi ki, Rusiyanın dəstəklədiyi qüvvələr seçkilərdə açıq şəkildə məğlub oldular. Bu görə də Ermənistanın sözügedən İttifaq Dövlətinə daxil edilməsi çox da inandırıcı görünmür. Belarusla Ermənistan arasında böyük fərq var. Belarusda Rusiyanın təsir dairəsi artıq oturuşmuş vəziyyətdədir və Rusiyanın bu ölkə üzərindəki mövqeyi çox güclüdür. Lakin Ermənistan son zamanlar Rusiyanın orbitindən çıxaraq Qərbə yaxınlaşma prosesini sürətləndirir".
“Növbəti parlament seçkilərinə çox az müddət qalıb”
Analitik əlavə edib ki, bu açıqlama seçki ərəfəsində siyasi manipulyasiya cəhdi kimi görünür:

"Bəli, müharibə dövründə Rusiya tərəfindən Ermənistana belə siqnallar verilə bilərdi. Ancaq bunun indi açıqlanması müəyyən qədər Rusiya–Ermənistan münasibətlərində gərginlik yarada biləcək bir vəziyyətdir. Nəzərə alaq ki, növbəti parlament seçkilərinə çox az müddət qalıb. Armen Babacanyan kimi bir partiya rəhbərinin bu cür açıqlama verməsi, düşünürəm ki, seçkilərə hesablanmış bir addımdır".
“Bu zaman Ermənistan müstəqilliyini itirəcək...”
Politoloqun sözlərinə görə, Ermənistanda seçkilər müstəmləkə ilə müstəqillik arasında seçimə çevrilir:
"Hazırda Ermənistanda Rusiyanın dəstəklədiyi qüvvələrin siyasi səhnədən çıxarılması prosesi gedir. Yəni Babacanyan vasitəsilə hakimiyyət xalqa anlatmağa çalışır ki, əgər bu seçkilərdə xalq Rusiyanın dəstəklədiyi qüvvələrə səs verərsə və dolayısı ilə Rusiyanın çevriliş cəhdini dəstəkləyərsə, bu zaman Ermənistan müstəqilliyini itirəcək və İttifaq Dövləti layihəsi çərçivəsində Rusiyanın vassalına çevriləcək".
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Rusiya,Todaypress.tv,
        