Vəfat edən şəxsin vəsaitinin 30 faizinin ailəsinə verilməsi niyə önəmlidir? - AÇIQLAMA

Sosial

11.09.2025 17:56

“Vəfat edən şəxsin hesabına yığılan məbləğin 30%-nin ailəsinə verilməsi mümkün olsun”.

TodayPress TV xəbər verir ki, deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında vəfat edən şəxsin hesabına yığılan məbləğin 30%-nin ailəsinə verilməsinin mümkün olmağını təklif edib. 

Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı Günay Hüseynova isə bildirib ki, hazırda ailəyə verilən 30 faizlik məbləğ kifayət qədər azdır. 

“Əgər yetkinlik yaşına çatmayan övladlar varsa, onların payı dövlət təminatı ilə qorunmalıdır”

Onun sözlərinə görə, məbləğ minimum 50 faiz olmalıdır ki, müəyyən ehtiyacları qarşılamaq üçün istifadə edilsin:

"Bundan əlavə, inflyasiyanın sürəti və pulun həmin dövr üçün nominal dəyəri də nəzərə alınmalıdır. Ödənişlər təkcə ailəyə pulun köçürülməsi ilə yekunlaşmamalı, həm də iqtisadi səmərə təşkil etməli və aktiv gəlirə çevrilməlidir. Əgər yetkinlik yaşına çatmayan övladlar varsa, onların payı dövlət təminatı ilə qorunmalıdır. Qəyyum şəxs sənədli şəkildə isbat etməlidir ki, uşağın maddi maraqları qorunacaq və təminatı üçün iqtisadi səmərə təşkil olunacaq".

İqtisadçı əlavə edib ki, həmin ödənişlər hissəli və ya birdəfəlik ola bilər. Lakin təfərrüat yalnız müvafiq qanun layihəsi qəbul edildikdən sonra müəyyən edilə bilər:

"Əsas məqsəd iqtisadi səmərə təşkil etməkdir. Əks halda, bu, sadəcə populist bir yanaşma ola bilər", - deyə Günay Hüseynova fikrini tamamlayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Komitə sədri Musa Quliyev Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun layihəsi hazırlandığını bildirib. Onun sözlərinə görə, məsələ payız, ya da yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günay Hüseynova,İqtisadçı,Vəfat,Maaş,Todaypress.tv,

photo