Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü
Sosial
09.10.2025 13:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Konstitusiya və Suverenlik ili” və Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən tədbir təşkil olunub.
TodayPress TV xəbər verir ki, General-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Vətən müharibəsi iştirakçıları Mehman İbrahimov, Rövşən Abduləzizov, Fərid Cabbarov, Məlik Xəlilov, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, eləcə də Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Bildirilib ki, görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş vətən övladlarının şərəfli yolunu gənc nəslə tanıtmaq, məktəblilərdə vətənpərvərlik, dövlətə, torpağa, vətənə bağlılıq hissini möhkəmləndirmək və həmrəylik dəyərlərini aşılamaqdır.
Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlar da verilib, qəhrəman Vətən övladlarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobil təminatı, reabilitasiya xidmətləri ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Sonda məktəblilərin sualları cavablandırılıb və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim edilib.
tag: Vətən Müharibəsi ,İştirakçılar,Uşaqlar,Görüş,Todaypress.tv,
