Ekoloji təmiz, amma nasaz – Elektrikli avtobuslar niyə yolda qalır?

Sosial

20.10.2025 15:20

Elektrikli avtobuslar həm səssizliyi, həm də enerji qənaətliliyi ilə seçilir. Bu nəqliyyat vasitələrində sərnişin rahatlığı üçün telefon şarj yuvaları və müasir sistemlər var. Ancaq bəzi sürücülər və sərnişinlər elektrik avtobusların tez-tez yolda qalmasından narazılıq edirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hər bir texnikanın olduğu kimi, elektrik avtobusların da müsbət və mənfi tərəfləri mövcuddur.

Onun sözlərinə görə, texnologiya və sənaye inkişaf etdikcə müəyyən nöqsanlar da yaranır. 

"Elektrik avtobusların faydalı iş əmsalının yüksək olması üçün onların texniki vəziyyəti tam saz olmalıdır ki, cəmiyyət üçün yararlı nəqliyyat vasitəsinə çevrilsin və mənfi qarşılanmasın. Elektrikli avtobusların əsas problemi enerji doldurulma sisteminin zəifliyi və enerji itkisi ilə bağlıdır. Bu nəqliyyat vasitələri çox enerji sərf edir, dolum cihazları isə bəzən kifayət qədər güclü olmur. Qışda temperatur aşağı düşdükdə enerji itkisi daha da artır. Yayda isə kondisioner sisteminin işləməməsi sərnişinlərdə narahatlıq yarada bilər".

Ekspert çıxış yolu kimi avtobusların ventilyasiya və soyutma sistemlərinin təkmilləşdirilməsini, həmçinin daha keyfiyyətli modellərin alınmasını təklif edib:

"Şüşələrin açılan, şəffaf olması və havalandırma sisteminin yaxşılaşdırılması yayda diskomfortu azalda bilər. Amma qışda bu üsul işləmir. Buna görə də elektrik avtobus alarkən keyfiyyət və komfort səviyyəsi əsas meyar olmalıdır", - deyə Aslan Əsədov fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aslan Əsədov,Ekspert,Avtobus,Nasazlıq,Todaypress.tv,

photo