Yeni qida normaları kimlərə şamil ediləcək? - AÇIQLANDI

Cəmiyyət

11.07.2025 13:07

Tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O əlavə edib ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün qida normalarının təsdiqi nəzərdə tutulmurdu. Bu isə institutsional baxımdan onların bu imkandan tam faydalanmasına mane olurdu.

"Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı. Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə olan şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək."

Deputat vurğulayıb ki, sonuncu dəfə 11 il əvvəl təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyən edilərək təsdiqlənəcək. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Belə ki, minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi, son təsdiqdən keçən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək.

"İstehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi, hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə səbəb olacaq. Çünki bu meyar nə qədər çox artırılsa, dövlət büdcəsindən sosial yardıma bir o qədər çox vəsait ayrılır. Bu isə xüsusilə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir" , – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Türkan İsgəndərli

tag: Yaşayış minimumu,Dəyişiklik,Qanun,Vüqar Bayramov,Todaypress.tv,