Azərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Cəmiyyət
06.06.2025 12:44
Son günlər Azərbaycanda qeydə alınan zəif yeraltı təkanlar cəmiyyətdə güclü zəlzələnin baş verəcəyi ilə bağlı narahatlıq yaradıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu barədə TodayPress TV-yə danışıb.
Seysmoloq bildirib ki, hazırda ölkə ərazisində qeydə alınan kiçik təkanlar enerji boşalmasıdır və dağıdıcı zəlzələ ehtimalı yoxdur.
"Zəlzələnin prinsipi odur ki, əvvəlcə bir təkan baş verir, sonra uzun müddət sakitlik müşahidə olunur və nəticədə orada enerji toplanır. Bu isə sonradan daha güclü zəlzələyə səbəb ola bilər. Amma son günlər qeydə alınan təkanların maqnitudası 3.6 və daha aşağıdır, bəzilərinin isə ümumiyyətlə hiss edilməyib. Maqnitudası 3-dən aşağı olan təkanlar hiss olunmadığı üçün ümumiyyətlə əhaliyə məlumat verilməyib".
Onun fikrincə, bu kiçik təkanlar müsbət məqam daşıyır. Belə ki, bu zaman yerin dərin qatlarında yığılan enerji tədricən boşalır və bu, dağıdıcı zəlzələlərin qarşısını alır:
"Bu bir tərəfdən xeyirlidir. Enerji boşalması gedir. Aktivlik başlayıb, amma bu o demək deyil ki, dağıdıcı zəlzələ olacaq. Hiss olunan təkanlar gələcəkdə də baş verə bilər, lakin onların katastrofik xarakter daşıması gözlənilmir. Bu, qorxuya səbəb olmamalıdır".
Ümumilikdə, mütəxəssisin sözlərinə görə, bölgədəki seysmik aktivlik nəzarət altındadır və hazırda ciddi narahatlığa əsas yoxdur.
Qeyd edək ki, son günlər xüsusilə Şamaxı və Xızı rayonlarında seysmoloji aktivlik müşahidə olunur. Yeraltı təkanların maqnitudası isə əsasən 3-4 bal arasındadır.
Töhfə Səməd
tag: Qurban Yetirmişli,Baş Direktor,Təbii Fəlakət,Zəlzələ,Todaypress.tv,