Paşinyan daxili düşmən axtarışında: Nə xalq, nə dövlət - ŞƏXSİ AMBİSİYALAR…
Siyasət
30.05.2025 17:12
“Ermənistan Baş naziri Nikol Paşinyanla erməni apostol kilsəsi arasındakı qarşıdurma Ermənistanın nə qədər dərin böhran içində olduğunu göstərir. Həm siyasi lider, həm dini institut milləti birləşdirmək yerinə, biri populizm, digəri isə keçmişin mifləri üzərindən hakimiyyət savaşı aparır”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, Paşinyan Qarabağ savaşından sonra ciddi şəkildə zəifləmiş lider obrazını dirçəltmək əvəzinə, daxili düşmən axtararaq diqqəti yayındırmağa çalışır:
“Onun kilsəyə qarşı sərt və təhqiramiz ritorikası siyasi yetkinlik yox, tam tərsinə, rəhbərlik etdiyi dövlətin sütunlarını baltalamaq anlamına gəlir. Dini institutları aşağılamaq, nə qədər korrupsioner və ya qaranlıq keçmişə sahib olsalar da, ictimai qütbləşməni artırmaqdan başqa heç nəyə xidmət etmir. Digər tərəfdən isə, erməni apostol kilsəsi... Bu qurum illərlə siyasi gücə şərik olmuş, ideoloji və maliyyə maraqları üçün xalqın inancından istifadə etmiş bir strukturdur. Bu gün Eçmiədzinin Paşinyana qarşı çıxması əslində millətin ağrısını yox, öz mövqeyini itirməyin qorxusunu ifadə edir. Onlar Qarabağ məğlubiyyətindən siyasi fürsət kimi istifadə edib hakimiyyətə təsir imkanlarını bərpa etmək istəyirlər. Yəni burada "müqəddəs mübarizə" deyil, köhnə erməni elitası ilə yeni populist nəsil arasında bir növ "yer davası" gedir. Bu qarşıdurmada xalq yoxdur, dövlət yoxdur, yalnız şəxsi ambisiyalar var. Paşinyanın kilsəyə qarşı apardığı kampaniya nə qədər radikal görünürsə, kilsənin özünü "xilaskar" kimi göstərməsi bir o qədər riyakardır”.
Ekspert bu ziddiyyətin Ermənistanı daha da dərin parçalanmaya apardığını düşünür:
“Biri millətin vicdanını, digəri də ağlını təmsil edir. Onlar arasında gedən savaş isə yalnız Ermənistanın geosiyasi zəifləməsinə, daxili sabitliyin çöküşünə və xalqın ümidsizliyinə xidmət edir. Bu gün orada nə əxlaq var, nə də məsuliyyət – sadəcə mövqe uğrunda qırğın var”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan erməni apostol kilsəsinin nümayəndələrini sərt və təhqiramiz şəkildə tənqid edib. Ermənistanın Baş naziri ilə ruhanilər arasında münasibətlər son illərdə, xüsusən də erməni apostol kilsəsinin rəhbər orqanı - Eçmiədzinin 2020-ci ildə onun istefasını tələb etməsindən sonra pisləşib. Kilsə, həmçinin Qarabağla bağlı siyasətinə görə onu dəfələrlə tənqid edib.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Paşinyan,Müxaliflər,Todaypress.tv,
