Gürcüstanın vasitəçi təşəbbüsü: Tbilisi Bakının mövqeyini bilir...
“Gürcüstan təzyiqləri neytrallaşdırmaq, regional sülhə və əməkdaşlığa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək üçün Ermənistan–Azərbaycan münaqişəsinin həllində vasitəçi kimi rol almaq təşəbbüsünü irəli sürə bilər”.
Politoloq Vüqar Əhmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazın önəmli ölkələrindən biridir və Azərbaycanla da hər zaman yaxşı münasibətlərə malik olub:
“Gürcüstanda son yaşanan siyasi hadisələr müəyyən qədər bu ölkənin Qərblə münasibətlərində soyuqluq yaradıb və bunu indi də müşahidə edirik. Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesində müəyyən fasilələr yaranıb, bu günlərdə ABŞ Konqresi tərəfindən bu ölkəyə qarşı “MEGOBARI Aktı”nı (Cavabdehlik, Dözümlülük və Müstəqillik İnşası üçün Gürcüstanın Seçimlərinin Səfərbər edilməsi və Artırılması Aktı) qəbul edilib. Bu baxımdan Gürcüstan bu təzyiqləri neytrallaşdırmaq və regional sülhə və əməkdaşlığa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək üçün belə bir təşəbbüslər irəli sürə bilər”.
Ekspert əlavə edib ki, bu, həm də Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin son seçkilərdən sonra siyasi aktivliyi üçün də gərəkli addım ola bilər:
“Prezident Kavelaşvili ilk səfərini Azərbaycana etdi, daha sonra Ermənistana səfəri oldu. Rəsmi Tbilisi bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini bilir, Azərbaycan prezidenti Gürcüstana səfərlərində bu ölkənin Cənubi Qafqazda sülhə töhfə vermə təşəbbüslərini daima alqışlayıb. Digər tərəfdən, bu addım həm də Gürcüstana eyni vaxtda həm Azərbaycan, həm də Ermənistanla münasibətləri yaxşı saxlamaqda kömək edə bilər. Belə ki, bilirik ki, Gürcüstan siyasətində hər zaman hər iki ölkə ilə normal qonşuluq münasibətləri saxlamaq əsas prinsiplərdən biri olub. Gürcüstan məkan olaraq Azərbaycan və Ermənistan tərəfdən ictimaiyyət nümayəndələrinin vaxtaşırı görüşdüyü neytral zona kimi də önə çıxıb. Bu baxımdan Gürcüstanın bu gün və tarixən müəyyən üstünlükləri olub, yəni bu ölkə həm Azərbaycan və Türkiyə, həm də Ermənistanla normal münasibətlərə malik olan bir dövlət olduğundan, Qərbin siyasi mərkəzləri də bu avantajdan hər zaman öz məqsədləri üçün yararlanmağa çalışmış və ölkəni Cənubi Qafqazdan potensial vasitəçi və dialoq məkanı, Qərb təşkilatlarının əsas fəaliyyət məkanı kimi görüb”.
Analitikin fikirlərinə görə, Gürcüstanın yeni prezidenti yeni formada bu ənənəni davam etdirmək istəyir və əlbəttə ki, bu, alqışlanası təşəbbüsdür:
“Qeyd etdiyim kimi, Azərbaycan Gürcüstana dost və etibarlı strateji tərəfdaş kimi yanaşıb. Hər iki ölkəni çox mühüm nəqliyyat və enerji layihələri birləşdirir. Düşünürəm ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında olan münasibətlərdə müəyyən pozitiv dinamikanın yaranmasında rol oynaya bilər”.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqda maraqlıdır.
Qiymət Mahir
tag: Gürcüstan,Tbilisi,Bakı,Təhlil,Azərbaycan,Vüqar Əhmədov,Politoloq,todaypress.tv,