Ermənilərin Mingəçevirlə bağlı 10 minlik iddiası: "Onlar bu rəqəmi yuxularında görüblər"
Siyasət
22.10.2025 13:09
Ermənistan KİV və institutları Qarabağdan sonra indi də Azərbaycanın digər bölgələrini hədəf almağa başlayıblar.
Ötən gün “Monument Armenia” Mingəçevir şəhəri ilə bağlı absurd məqalə yayımlayıb.
Məqalədə qeyd olunur ki, Mingəçevir ərazisi antik dövrdə mövcud olmuş guya erməni Utik krallığının və Qafqaz Albaniyasının tərkibində olub.
Qafqaza son əsrlərdə gələn ermənilərin özlərinin Mingəçevirin ilk sakinləri olduğunu iddia etməsi növbəti avantüra hesab edilə bilər.
İddialardan biri də 1988-ci ildə Mingəçevirdə guya 10 mindən çox erməninin olmasıdır.
Halbuki statistikada həmin tarixə qədər ermənilərin şəhərin əhalisinin cəmi 7-8 faizini təşkil etdiyi, saylarının isə 5 min civarında olduğu yazılır.
Mingəçevirin tarixi ilə bağlı son vaxtlar irəli sürülən iddialar həm qədim dövrdə şəhərin kimlər tərəfindən məskunlaşması, həm də son əsrlərdə əhalinin etnik tərkibi ilə bağlıdır.
Mövzu ilə bağlı tarixçi Boran Əzizli TodayPress TV-yə açıqlama verərkən deyib ki, bu, açıq-aşkar saxtakarlıqdır:
"Ermənilər tariximizi saxtalaşdırmağa çoxdan vərdiş ediblər. Bəzən bu cəhdləri o qədər gülməli olur ki, insanı güldürür. Son vaxtlar Orta Dəhlizin açılması onları narahat etdiyinə görə bu münasibətləri yenidən pozmağa çalışırlar. Bu məqsədlə ‘Monument Armenia’ saytında elmi əsası olmayan, gülünc bir iddia ortaya atıblar. Bu isə bizi təəccübləndirmir.
"Amma onlar çox şeyi unudurlar. Ən önəmlisi isə Mingəçevirin guya qədimdən ermənilərə məxsus olması və onların buranın ilkin sakinləri kimi təqdim edilməsi tamamilə əsassızdır. Mən Azərbaycan alimlərini bir kənara qoyuram. Məşhur rus antropoloqu Debets Bunak Mingəçevirdə tapılan insan kəllə sümüklərini araşdıraraq onların 'Xəzər tipi' insanlara aid olduğunu göstəriblər. Bu sümüklər daha çox “uzunsov baş quruluşu”na malik insanlara aiddir. Halbuki ermənilər və gürcülər yastı formalı baş quruluşuna sahibdirlər və onların baş ölçüsü təxminən 87–87,5 mm-dir. Tapılan sümüklərin isə ölçüsü 78 mm-dir. Bu isə açıq şəkildə fərqli etnik mənsubiyyətə işarə edir."
Ekspert qeyd edib ki, bunu anlamaq üçün tarixi faktlar göz önündədir:
"Arxeoloqlar göstərirlər ki, aparılan arxeoloji qazıntılarda tapılan insan kəllə sümüklərinə əsaslanaraq, Dərbənd və onun ətrafında Azərbaycanın mərkəzi zonası Sabirabad, Pirvallı çayları, Qarabağdan və digər ərazilərdən tapılan insan kəllə sümükləri faktiki olaraq eyniyyət təşkil edirdi. Onları hansısa Qafqaz, İber tipli xalqın başı ilə qarışdırmaq mümkün deyildi. Yeri gəlmişkən, vaxtilə bu barədə Azərbaycan xalqının yaranış məsələlərindən bəhs edərkən rus alimi Alekseyev də bu məsələləri təhrif edən ermənilər kimi alimlərdən biri olmuşdu.
Ona görə də Mingəçevir şəhəri, onun qədim sakinlərinin etnik kimliyiylə bağlı kifayət qədər çoxlu elmi cəhətdən həqiqəti əks etdirən məlumatlar verilmişdir. Bu məlumatlar içərisində, əlbəttə, Kalankatuklunun Mingəçevir ərazisinin vaxtilə Albaniya dövlətinə daxil olması ilə bağlı verdiyi məlumatlar da diqqəti cəlb edir. Ermənilər unudur ki, Albaniya dövlətinə öz adını verən tayfa alban tayfası olmuşdur və o da Kürd tayfası olmuşdur. Bunun haqqında həm yazıya qədərki, həm də yazılı qaynaqlarda kifayət qədər məlumatlar var. Bunun içərisində, əlbəttə, eramızdan əvvəl 2-ci minillik dövründən başlayaraq tariximizi özündə əks etdirən “Kitabi-Dədə-Qorqud” dastanı ayrıca qeyd olunmalıdır".
Tarixçi ermənilərin əsassız manipulyativ iddialarına diqqət çəkib:
"Ermənilərin digər bir saxtakarlığı guya vaxtilə Mingəçevirdə yaşayan əhalinin 10.000-nin erməni olması ilə bağlıdır. Yəqin ki, onlar bu rəqəmi yuxularında görüblər. Ya da hansısa tapşırıq əsasında yazırlar. Ermənilərin rəqəmlərlə necə manipulyasiya etdiyini biz onların dağlıq Qarabağı tərk edib gedərkən saldıqları hay-küydə də gördük.
İddia ediblər ki, guya 120.000 erməni Qarabağın dağlıq ərazisindən köç edib getmişdi. Bu baxımdan, bu rəqəmlər də şişirdilmiş, elmi həqiqətdən uzaq olan fikirlərdir. Eyni zamanda ermənilərin yaşadıqları ərazidə demoqrafik vəziyyətə təsir etməsi və s. kimi fikirlər də həqiqətdən çox-çox uzaqdır. Bir sözlə, biz buna öyrəşmişik".
O həmçinin tarixi abidələrimizin də həmişə ermənilərin hədəfində olduğunu vurğulayıb:
"Ermənilər bir zamanlar Əmir Səidə məxsus olan məqbərəni də saxtalaşdırmağa çalışıblar. 1939-cu ildə Ermənistanda nəşr olunan bir kitabda bu abidəni öz adlarına çıxarıblar. Onlar abidənin üzərinə xaç işarəsi və erməni əlifbası ilə yazılar əlavə ediblər. Halbuki bu məqbərə haqqında orta əsr səyyahları da yazıb, 19-cu əsrin sonunda fotosu da çap olunub və hətta ABŞ-də yaşayan ermənilər belə ondan istifadə ediblər. Bu abidənin vaxtilə o ərazini idarə edən Əmir Səidə məxsus olduğu tarixi qaynaqlardan da məlumdur. Tikildiyi tarix haqqında da kifayət qədər məlumat var. Bu, 1415-ci ildə Əmir Səidin oğlu tərəfindən atasının üzərində tikilmiş abidədir. Bu abidənin üzərində Əmir Səid ov səhnəsində və Əmir Səid qonaqları qəbul edərkən daş üzərində çəkilmiş şəkilləri xüsusi diqqət cəlb edir. Elə təkcə o şəkillərdə insanın üz quruluşuna baxdıqda yalnız kor olmayan adamlar dəqiqliklə görə bilər ki, erməni deyil, Türk irqinin hun-qıpçaq qoluna aiddir.
Ermənilərin saxtakarlığı o həddə çatıb ki, hətta həyat yoldaşı erməni olan, Moskvadakı Ermitaj muzeyinin direktoru Pyotrovski belə bu iddiaların saxta olduğunu sübut etmişdi. Bir sözlə, belə yalanlara qarşı daim mübarizə aparmaq və həqiqəti demək vacibdir".
Jalə Rövşən
tag: Boran Əzizli,Tarixçi,Mingəçevir,Ermənilər,Todaypress.tv,
