AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlanacaq

Siyasət

07.08.2025 11:00

Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i ölkənin baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

"Nəqliyyat Nazirliyi kifayət qədər intensiv işləyir, mütəxəssislərimiz beynəlxalq ekspertlərlə iş çərçivəsində yeni bacarıqlar əldə ediblər. Müxtəlif ölkələrdən beynəlxalq ekspertlər bu işdə iştirak edirlər. Avadanlığın bir hissəsi hələ də xaricdə ekspertizadadır və yaxın zamanda geri qayıdacaq. Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir. Bir neçə aydan sonra Aktau yaxınlığında təyyarə qəzasının araşdırılması haqqında yekun hesabat olacaq", - o qeyd edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən partlayış-texniki ekspertiza aparılır.

"AZAL-la bağlı yeganə məsələ, mən bunu siyasiləşdirmək istəməzdim – bu, onun necə zədələnməsidir. Xarici obyektlərin qəlpələri füzelyajda olub, istintaq-əməliyyat qrupu tərəfindən tamamilə çıxarılıb və Baş Prokurorluq onları partlayış-texniki və kriminalistik ekspertizalara göndərib. Biz ekspertizaların başa çatmasını gözləyirik. Təyyarənin nə vaxt zədələndiyini bilsək də, nəyin zədələdiyini bilmirik. Bu suala cavab vermək üçün hüquq-mühafizə orqanlarının xətti ilə bu ekspertizaların nəticələri lazımdır", - Bozumbayev bildirib.

Baş nazirin müavini qeyd edib ki, ekspertizaların nə vaxt hazır olacağını demək çətindir.

"Təəssüf ki, Qazaxıstanda bu növ silahlar yoxdur. Buna görə də müvafiq sorğular və tələblər Baş Prokurorluq tərəfindən müvafiq dövlətlərə göndərilib", - o vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

tag: Azal, Təyyarə, Qəza, Hesabat,Todaypress.tv,