Analitik: “Bu, erməni lobbisini zəiflədəcək”

Siyasət

03.06.2025 17:44

“Azərbaycan Amerikanın nəzərində 2020-ci ilin II Qarabağ savaşından sonra tamamilə dəyişib. Artıq Birləşmiş Ştatlar Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olması ilə barışıb”. 

Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu proses ABŞ lideri Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə daha da sürətlənib:

“ABŞ yaxşı anlayır ki, regionda təsirini artırmaq istəyirsə, yolu Azərbaycandan keçir. Bunu Ermənistanla reallaşdırmaq mümkün deyil, çünki bu ölkə hələ də Rusiyanın forpostudur. Gürcüstan isə son illərdə Moskvanın təsir dairəsinə sürətlə daxil olmaqda davam edir. Hazırda Avropanın Azərbaycanın neft-qazına böyük ehtiyacının olduğunu demək olar. 78 faizi rus qazından asılı olan Avropa üçün yeni tərəf müqabilləri lazımdır”. 

Siyasi şərhçi ABŞ ilə yaxın əlaqələrin yalnız iqtisadi deyil, siyasi müstəvidə də əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər Azərbaycanın beynəlxalq aləmdə maraqlarının qorunması baxımından da vacibdir:

“Təbii ki, ABŞ ilə sıx əlaqələr hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Bildiyiniz kimi, erməni lobbisinin ən güclü dayaqlarından biri Amerikadadır. ABŞ Konqresi və Senatında kifayət qədər ermənipərəst siyasətçilər təmsil olunur. Eləcə də, ABŞ-nin ikinci ən böyük səfirliyi İrəvanda yerləşir. Bu baxımdan Amerika ilə münasibətlərin gücləndirilməsi, erməni lobbisinin təsir imkanlarının zəiflədilməsində mühüm rol oynaya bilər”.

Cavanşir Abbaslı, həmçinin, qeyd edib ki, Azərbaycan ABŞ ilə əməkdaşlığı heç vaxt hansısa başqa dövlətlərə qarşı yönəltməyib:

“Bakı ilə Vaşinqton arasında əməkdaşlıq Rusiya və ya digər anti-Amerika qüvvələrinə qarşı olmayıb. Eyni zamanda, Rusiya ilə olan münasibətlər də ABŞ və Qərbə qarşı yönəlməyib. Azərbaycan hər zaman balanslı siyasətə sadiq qalıb və bundan sonra da bu kurs davam etdiriləcək”.

Türkan İsgəndərli

tag: Cavanşir Abbaslı,Siyasi Şərhçi,Erməni,Lobbisi,Todaypress.tv,

photo