Aİ ABŞ-nin yeni sanksiya paketlərinə qoşulmağa məcbur qalacaq – ŞƏRH
Siyasət
08.09.2025 16:14
“Kreml öz aqressiv davranışları və neoimperialist tələbləri ilə nəhayət ki, ABŞ-ni Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq etməyə məcbur etdi”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar prosesinə başlaması olduqca vacib addımdır. Çünki Rusiya, aqressiv və neoimperialist işğalçı dövlət mövqeyindən çıxış edərək, həm Ukraynaya, həm də NATO üzvü olan Qərb ölkələrinə elə tələblər irəli sürür ki, bu, elə həm Ukraynanın, həm də Qərbin kapitulyasiyası kimi qiymətləndirilə bilər.
“ABŞ Prezidenti Donald Tramp Rusiyanı dəfələrlə sülh sazişi və ya atəşkəs razılaşması imzalamağa çağırıb. Lakin həm 2025-ci ilin fevralında, həm də bir müddət əvvəl Alyaskada əldə olunmuş Tramp-Putin razılaşmaları Rusiya tərəfindən pozulub. Artıq Ağ Ev başa düşür ki, Kreml Vaşinqtonu, Rusiya Prezidenti Vladimir Putin isə şəxsən Trampı davamlı şəkildə aldatmaq xəttini davam etdirir. Bu səbəbdən də, Rusiyaya qarşı sərt və dağıdıcı sanksiyaların qəbul edilməsi qətiyyən istisna olunmur”, - deyə analitik diqqətə çatdırıb.
Siyasətçinin fikrincə, Avropa Birliyi bu günə qədər Rusiyaya qarşı 17 sanksiya paketi qəbul edib. Bu paketlər Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurub, lakin ölkə hələlik bu təzyiqlərə tab gətirərək, hələ də Ukrayna müharibəsinin maliyyə yükünü daşımaq imkanlarını qoruyur. Bununla belə, Tramp administrasiyasının hazırladığı yeni sanksiya paketi əvvəlkilərdən daha təhlükəli və əhatəli xarakter daşıya bilər. Çünki bu dəfə təkcə Rusiya deyil, onun iqtisadi-ticari tərəfdaşları da hədəf alınır. Xüsusilə Hindistan, Çin və digər Asiya ölkələri Tramp administrasiyasının diqqət mərkəzindədir. Yəni Rusiya ilə yanaşı, onunla iqtisadi və ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı da sanksiyaların tətbiqi gündəmdədir. Bu isə Rusiyanın daha dərin qlobal izolyasiyasına səbəb ola bilər. Əgər adıçəkilən ölkələr sanksiyalardan yayınmaq məqsədilə Moskva ilə əməkdaşlıqdan imtina etsələr, bu, Rusiya üçün həm maliyyə resurslarının azalması, həm də iqtisadi sistemin çökməsi ilə nəticələnə bilər.
“Digər tərəfdən, Tramp administrasiyası Avropa İttifaqı (Aİ) ölkələrindən də Rusiyadan enerji idxalının tamamilə dayandırılmasını tələb edir. Bu isə onu göstərir ki, Tramp administrasiyasında Avropa ölkələrinin Rusiya ilə enerji əlaqələrinə dair dəqiq və detallı məlumatlar mövcuddur. Halbuki Aİ daha öncə bu enerji idxalını dayandırmaqla bağlı bəyanatlar vermişdi. Lakin bir müddət əvvəl Macarıstan rəsmilərinin verdiyi açıqlamalarda Budapeştin açıq şəkildə Rusiyadan enerji resursları idxal etdiyi bildirilib. Macarıstan, həmçinin Aİ-nin digər üzv dövlətlərini iqtisadi və siyasi riyakarlıqda ittiham edərək vurğulayıb ki, bir çox ölkələr Rusiyadan enerji alır, lakin bunu ictimai şəkildə etiraf etmirlər. Görünür ki, Tramp administrasiyası da bu ikili yanaşmadan xəbərdardır və bu səbəbdən Aİ ölkələrindən Rusiyadan enerji idxalını tam şəkildə dayandırmağı qəti şəkildə tələb edir. Böyük ehtimalla, Aİ ABŞ-nin bu tələblərini qəbul etməyə və eyni zamanda Vaşinqtonun yeni sanksiya paketlərinə qoşulmağa məcbur qalacaq”, - deyə E.Xalidbəyli şərh edib.
O, həmçinin hesab edir ki, əgər Putin Qərbin, xüsusilə də ABŞ-nin irəli sürdüyü sülh və atəşkəs təkliflərini qəbul etməzsə, Rusiya üçün olduqca ağır və sarsıdıcı bir dövrün başlaya biləcəyi ehtimal olunur.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent hazırda ABŞ və Avropa arasında Rusiyaya qarşı yeni sanksiyalar raundu və ikinci dərəcəli tariflərin tətbiqinin müzakirə olunduğunu bəyan edib.
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,ABŞ,Aİ,Sanksiya,Todaypress.tv,
