Günəş yanıqlarından necə qorunaq? - MÜTƏXƏSSİS AÇIQLADI
Sağlamlıq
25.07.2025 16:41
Yay mövsümündə günəş şüalarından kifayət qədər qorunmadıqda günəş yanıqları qaçılmaz olur.
Kosmetoloq Sahilə Əbdürrəhmanova bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, günəşin zərərli şüalarından qorunmaq üçün mütləq şəkildə günəş əleyhinə kremlərdən istifadə olunmalıdır.
Onun sözlərinə görə, birinci dərəcəli yanıq halları, günvurma və bədənin temperaturunun artması ölümə qədər aparan ağır fəsadlar yarada bilər:
“Əgər günəş yanıqlarına vaxtında müdaxilə olunmazsa, temperaturun yüksəlməsi və nəzarətsiz qalması ölüm riskinə səbəb ola bilər. Günvurması hallarında başgicəllənmə, ürəkbulanma, huşunu itirmə müşahidə olunur. Bu cür hallar xüsusilə yaşlılar və uşaqlar üçün təhlükəlidir".
Kosmetoloq qeyd edib ki, günəş kremindən istifadə olunmadıqda dəridə yanma, ağrı, göynəmə və qalıcı ləkələr yaranır:
"Yanıq ağrısı insanı psixoloji cəhətdən yora bilər. Xüsusilə xanımlar üçün ən böyük fəsad qalıcı piqment ləkələridir. Bu ləkələr sonradan aradan qalxmadığı üçün depressiya hallarına da səbəb ola bilir. Bundan əlavə əgər gün şüalarından dəriyə 1% xeyir varsa, 5% ziyanı var. Mütləq şəkildə günəş kremlərindən istifadə edilməlidir".
Sahilə Əbdürrəhmanova vurğulayıb ki, günəş altında uzun müddət qalmaq zərərlidir və dənizə günün müəyyən saatlarında, səhər tezdən və ya axşamüstü girmək daha məsləhətlidir.
Türkan İsgəndərli
tag: Sahilə Əbdürrəhmanova,Kosmetoloq,Günəş,Yanıq,Todaypress.tv,
