Emosional aclığın çarələri nələrdir?
Sağlamlıq
27.06.2025 16:50
Emosional aclıq stressə qarşı geniş yayılmış reaksiya formasıdır.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, gastroenteroloqlar bu vərdişdən qurtulmağın bir neçə yollarını açıqlayıblar.
Həkimlər ilk növbədə fizioloji aclıqla emosional aclığı bir-birindən ayırmağı öyrənməyi tövsiyə edib. Belə ki, emosional aclığın əsas əlamətləri qəfil və güclü yemək istəyi, xüsusilə şirin və yağlı qidalara yönəlmə, yeməkdən sonra doymama və qane olmama hissidir. Bu tip aclıq adətən narahatlıq, kədər və ya yorğunluq anlarında ortaya çıxır və yeməkdən sonra insan günahkarlıq və ya peşmanlıq hissi keçirir.
Ekspertlər vurğulayır ki, streslə mübarizədə əsas strategiya emosiyalardan qaçmaq deyil, onları qəbul edib yaşamaqdır. Bu baxımdan meditasiya, nəfəs məşqləri, gündəlik yazmaq və müntəzəm idmanla məşğul olmaq kimi şüurlu yanaşma (mindfulness) praktikaları faydalı ola bilər.
Mütəxəssislər qeyd edib ki, fiziki fəaliyyət stresə qarşı güclü vasitədir. Araşdırmalar göstərir ki, müntəzəm aerob yüklənmələr – məsələn, qaçış və ya üzgüçülük – kortizol səviyyəsini azaldır və xoşbəxtlik hormonlarının (endorfinlərin) ifrazını artırır. Hətta 15 dəqiqəlik yoga və ya qısa bir piyada gəzinti belə emosional yeməyə alternativ ola bilər.
Həkimlər, həmçinin düzgün qidalanmanın əhəmiyyətinə də toxunublar. Tövsiyəyə əsasən, rasionda lif, zülal, faydalı yağlar və vitaminlərlə zəngin məhsullara üstünlük verilməlidir.
“Tərəvəz, meyvə, qoz-fındıq, tam taxıllı məhsullar və balıq qan şəkərinin sabit qalmasına və sinir sisteminin möhkəmlənməsinə kömək edir. Rafinə edilmiş karbohidrat və şəkərdən uzaq durun – onlar yalnız müvəqqəti rahatlıq yaradır, amma uzunmüddətli stresə səbəb olur”, - deyə xəbərdarlıq edilib.
Sonda gastroenteroloqlar qeyd edib ki, insanın diqqətini narahatlıqdan yayındıran pozitiv məşğuliyyətlər də emosional yeməkdən qoruyur. Belə ki, rəsm çəkmək, bağçılıq, musiqi ilə məşğul olmaq və ya sevinc gətirən istənilən hobbiyə vaxt ayırmaq olduqca faydalıdır.
Töhfə Səməd
tag: Emosional aclıq,Stress,Yemək,Gastroenteroloq,Todaypress.tv,