Detoks suları sağlamlıq üçün təhlükəlidir - XƏBƏRDARLIQ

Sağlamlıq

02.06.2025 08:00

Həkimlərin fikrincə, müxtəlif detoks pəhrizləri, bitki mənşəli çaylar və ya hidrokolonoterapiya kimi bağırsaq təmizləmə üsulları nəinki faydasızdır, hətta sağlamlıq üçün təhlükəli ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Tibbdə "şlaklar" anlayışının mövcud olmadığını qeyd edən həkimlər vurğulayırlar ki, bağırsaq özü-özünü təmizləmək qabiliyyətinə malikdir – bu, orqanizmin təbii mexanizmləri olan peristaltika və nizamlı nəcisin hesabına baş verir. Qaraciyər və böyrəklər isə toksinlərin neytrallaşdırılması və orqanizmdən çıxarılmasını əlavə detoks proqramlarına ehtiyac olmadan təmin edir.

Mütəxəssislər bildirirlər ki, bu cür "təmizləyici prosedurlar" xüsusilə hidrokolonoterapiya və müntəzəm işlədici klizmalardan istifadə bağırsaq mikroflorasını pozur, faydalı bakteriyaların azalmasına və həzm traktının selikli qişalarının zədələnməsinə səbəb ola bilər.

İşlədici təsirə malik çaylar isə bədənin susuz qalmasına, uzun müddətli istifadədə isə bağırsaqların tənbəlləşməsinə və asılılıq yaranmasına səbəb ola bilər.

Bundan əlavə, yalnız şirələrdən ibarət detoks proqramları və uzunmüddətli aclıq rejimləri bədənin zülal, yağ və lif kimi vacib qidaları almasının qarşısını alır. Bu da həzm sisteminə mənfi təsir göstərir, öd daşı xəstəliyinin yaranması, qida pozuntuları və çəki artımı ilə nəticələnə bilər.

Həkimlər orqanizmi qorumaq üçün qidalanmanın balanslı, su qəbulunun kifayət qədər və fiziki aktivliyin daimi olmasının daha effektiv və sağlam yol olduğunu vurğulayırlar.

Töhfə Səməd

tag: Həkim,Detoks,Pəhriz,Mədə,Bitki çayı,todaypress.tv,