Dərmanı şirə ilə qəbul etmək sağlamlıq üçün təhlükəlidir - XƏBƏRDARLIQ
Qreypfrut şirəsi ilə dərman qəbul etmək ciddi yan təsirlərə səbəb ola və qaraciyərə mənfi təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Life.ru" yazıb.
Həkimlərin sözlərinə görə, qreypfrutun tərkibində olan furanokumarinlər adlı maddələr dərmanların orqanizmdə parçalanmasını təmin edən "CYP3A4" fermentinin fəaliyyətini bloklayır. Nəticədə, dərmanlar tam metabolizasiya olunmur və qanda normaldan yüksək konsentrasiyada yığılmağa başlayır.
Qreypfrut şirəsi həmçinin dərmanların bağırsaqdan sorulmasına nəzarət edən xüsusi daşıyıcı zülallara da təsir edə bilər. Bu da aktiv maddənin qana normadan artıq miqdarda keçməsinə səbəb olur.
Mütəxəssislər bildirir ki, bu təsir xüsusilə təzyiq dərmanları ilə birgə qəbul zamanı kəskin arterial təzyiq enməsi, başgicəllənmə və hətta huşun itməsi ilə nəticələnə bilər. Qreypfrut şirəsi ilə sakitləşdirici və yuxu gətirici dərmanların birgə istifadəsi isə həddindən artıq yuxululuq və hərəkət koordinasiyasında pozuntuya səbəb ola bilər.
Bu təsir bütün dərmanlara aid olmasa da, "CYP3A4" fermenti ilə parçalanan preparatlarda, məsələn, statinlər, immunsupressivlər, aritmiya və narahatlıq əleyhinə dərmanlar, yuxu dərmanlarında risk daha yüksəkdir. Bununla belə, həkimlər ehtiyatlı davranaraq ümumiyyətlə heç bir dərmanı qreypfrut şirəsi ilə içməyi tövsiyə etmirlər.
Töhfə Səməd
tag: Qreypfrut ,Şirə,Qaraciyər,Dərman,todaypress.tv,