Həkim xəbərdarlıq edir: Krım-Konqo qızdırması ölümcül ola bilər
Krım-Konqo qanamalı qızdırması (KKQ) yoluxmuş gənələrin dişləməsi və ya virusa yoluxmuş insan və heyvanlarla birbaşa təmas nəticəsində insanlara keçən təhlükəli virus mənşəli xəstəlikdir.
TodayPress TV xəbər verir ki, infeksion xəstəliklər üzrə mütəxəssis Dr. Koçak bu xəstəliyin xüsusilə açıq havada vaxt keçirənlər, fermerlər və heyvanlarla yaxın təmasda olan şəxslər üçün yüksək risk daşıdığını bildirib.
O qeyd edib ki, virusun ötürülmə yollarına kənə dişləməsi, yoluxmuş heyvanların qanı və toxumaları ilə təmas, infeksiyalı qan məhsulları və hətta ana bətnində ötürülmə halları daxildir.
Xəstəliyin simptomları nələrdir?
Xəstəliyin ilkin əlamətləri arasında qəfil yüksələn hərarət (39-41°C), baş və əzələ ağrıları, başgicəllənmə, bel ağrısı, gözlərdə ağrı və fotofobiya yer alır. Digər əlamətlərə boğaz və qarın ağrısı, ürəkbulanma, ishal və qusma daxildir. Gedişat ağırlaşdıqda qaraciyər və dalaq böyüməsi, qanaxmalar (burun, sidik, mədə, cinsiyyət orqanları və s.), sarılıq və şok müşahidə oluna bilər. Bəzi hallarda ölüm nisbəti 50 faizə çata bilir.
Qorunmaq üçün nə etmək lazımdır?
Dr. Koçak xüsusilə tarlaya, bağa və meşəyə gedərkən bədəni tam örtən, açıq rəngli geyimlərin geyinməsini tövsiyə edib. Şalvar paçalarının corabların içinə salınması və kənələrin tez aşkar edilə bilməsi üçün geyim seçiminə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Gənə bədənə yapışarsa, necə çıxarılmalıdır?
Gənənin dəridən çıxarılması zamanı əl ilə toxunmamaq, alkoqol, siqaret, yağ və ya kolonya kimi vasitələrdən istifadə etməmək lazımdır. Bu cür müdaxilələr kənəni qıcıqlandıraraq virusun yayılmasına səbəb ola bilər.
Ən təhlükəsiz üsul iti uclu steril pinsetlə, kənənin baş hissəsinə mümkün qədər yaxın yerdən tutaraq düz, yavaş və sabit hərəkətlə yuxarı çəkməkdir. Əgər gənənin bir hissəsi dəri altında qalarsa, bu ciddi narahatlıq doğurmamalıdır, adətən öz-özünə çıxır. Amma özünüz çıxarmaqda çətinlik çəkirsinizsə, ən yaxın tibb müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.
Qiymət Mahir
tag: Həkim ,Kırım-Konqo,KKQ,Yoluxma,Virus,todaypress.tv,