Azərbaycanda ABORT ETDİRƏN YENİYETMƏLƏRİN sayı artdı: Ginekoloq həll yollarını AÇIQLADI
Sağlamlıq
14.08.2025 15:37
Azərbaycanda 2024-cü ildə erkən yaşda abortların sayı artıb. Belə ki, ötən il ölkədə ümumilikdə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş qrupunda olanlara aiddir. Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan mama-ginekoloq Rəşad Sultan abortun ciddi risklər daşıdığını bildirib.
Onun sözlərinə görə, abort qanaxma, infeksiya, orqan zədələnməsi, hətta ölümə səbəb ola bilər.
"Əgər uşaq planlaşdırılmırsa, ümumiyyətlə, hamilə qalmamağı tövsiyə edirik. Bunun üçün tibbi qorunma üsulları var. Abortun sayının artması da bu üsulların tətbiq edilməməsi və gənclərə hamiləlikdən qorunma yollarının öyrədilməməsi ilə bağlıdır".
Ginekoloqun fikrincə, gənclər arasında erkən yaşda və nikahdan əvvəl cinsi münasibət halları artır, lakin cinsi yolla keçən xəstəliklər və arzuolunmaz hamiləliklər nəzərə alınmır:
"Maarifləndirmə tədbirləri "etməyin, ayıbdır" formatında yox, "əgər edirsinizsə, qorunun" formasında olmalıdır. Dövlət yalnız maarifləndirmə ilə kifayətlənməməli, qorunma üsullarının tətbiqini daha aktiv təbliğ etməlidir. Orta məktəblərdə dərsliklərə də bu barədə əlavələr etmək lazımdır. Əks halda, abortların sayı artmaqda davam edəcək”, - deyə Rəşad Sultan fikrini tamamlayıb.
Qeyd edək ki, 2024-cü ildə 15-19 yaşlı qadınlar arasında 2 751 nəfər abort üçün müraciət edib ki, bu da 2023-cü illə müqayisədə 155 nəfər çoxdur. Onlardan 2 679 nəfəri 18-19 yaş aralığında olub. Bu yaş qrupunda da əvvəlki illə müqayisədə 151 nəfərlik artım qeydə alınıb.
Türkan İsgəndərli
tag: Rəşad Sultan,Həkim,Abort,Artım,Todaypress.tv,
