Arıqlamaq üçün sirkə içənlərin NƏZƏRİNƏ: Ölə bilərsiniz

Sağlamlıq

04.08.2025 18:06

"Sirkənin arıqlama və ya müalicə məqsədilə istifadəsi sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər. Xüsusilə də mədə problemləri yaşayan insanlar üçün sirkə turşusu təhlükəli nəticələr doğurur".

Həkim-terapevt Etibar Süleymanov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, heç bir tibbi müalicə protokolunda sirkənin daxilə qəbulu tövsiyə edilmir:

“Xora, qastrit, mədə yarası və mədə turşuluğunun artması kimi hallarda sirkə turşusunun qəbul edilməsi həmin yaraların açılmasına, qanaxmalara səbəb ola bilər. Sirkənin tərkibindəki turşuluq qatılıq səviyyəsindən asılı olaraq, zəhərlənməyə də yol aça bilər".

Həkim vurğulayıb ki, sirkə daha çox konservant kimi müxtəlif turşuların hazırlanmasında və saxlama məqsədilə istifadə edilməlidir:

“Bəziləri deyə bilər ki, sirkə içəndən sonra özlərini yaxşı hiss ediblər. Bu, daha çox psixoloji inamla əlaqəlidir. Lakin heç bir halda sirkə dərman kimi və ya arıqlamaq məqsədilə istifadə olunmamalıdır".

O əlavə edib ki, hər bir qida və ya maddə yalnız müvafiq müayinələrdən sonra, dietoloq və ya endokrinoloq məsləhəti ilə qəbul edilməlidir:

"Özbaşına hər hansı bir maddənin, xüsusilə sirkə kimi kəskin turşuluğa malik məhsulun istifadəsi orqanizmdə ciddi problemlərə yol aça bilər", - deyə Etibar Süleymanov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, son dövrlərdə insanlar arasında sirkə vasitəsilə sürətli çəki itirmək trend halına çevrilib. Xüsusilə də sosial şəbəkələrdə insanların səhər ac qarnına sirkəli su içdiklərinə görə 5-10 kilo arıqladıqlarını bildirdikləri videolar rəğbət qazanıb. Lakin bu “zərərsiz vasitə” artıq bir neçə nəfərin həyatına son qoyub. 

Türkan İsgəndərli

tag: Etibar Süleymanov,Terapevt,Sirkə,Ölüm,Todaypress.tv,

photo