Alimlər yumurtanın ürəyə zərərli olması ilə bağlı mifləri təkzib etdilər

Sağlamlıq

25.07.2025 17:34

Cənubi Avstraliya Universitetinin alimləri yumurtanın ürək sağlamlığına zərərli olması ilə bağlı yayılmış fikirləri elmi araşdırma ilə təkzib ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.

Təcrübə zamanı alimlər qidada olan xolesterin və doymuş yağların qandakı aşağı sıxlıqlı lipoproteinlərə (LDL) – yəni "pis xolesterin" səviyyəsinə təsirini araşdırıblar.

Araşdırmaya cəlb edilən iştirakçılara gündə 2-yə qədər yumurta daxil olmaqla xolesterin miqdarı yüksək, lakin doymuş yağ səviyyəsi aşağı olan xüsusi pəhriz tətbiq olunub. Eksperiment boyu iştirakçıların sağlamlıq vəziyyəti də diqqətlə izlənilib.

Nəticədə məlum olub ki, belə bir qidalanma LDL xolesterin səviyyəsinin artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb olmur.

Alimlərin fikrincə, yumurta təhlükəsiz şəkildə gündəlik rasiona daxil edilə bilər. Onların qənaətinə görə, orqanizmdə xolesterin artımının əsas səbəbi yumurta deyil, artıq doymuş yağların qəbuludur.

Töhfə Səməd 

tag: Cənubi Avstraliya,Yumurta,Doymuş yağ,Xolesterin,Todaypress.tv,