Adil Qeybulla: "Əhalinin sürətlə artması virusların yayılmasına səbəb olur"
Sağlamlıq
05.08.2025 17:17
"Dünyada infeksion xəstəliklərin sürətlə yayılması onların Azərbaycanda da müşahidə olunma ehtimalını artırır".
Tibb elmləri doktoru, professor Adil Qeybulla bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə nəfəs yolu ilə yayılan infeksiyalar böyük ehtimalla ölkəmizdə də müşahidə olunur:
"Sadəcə bəzi infeksiyalar lokal xarakter daşıyır və geniş yayılmır, digərləri isə ciddi fəsadlara yol aça bilir. Məhz buna görə dünyanın müxtəlif ölkələrində baş verən infeksion proseslərə, epidemiyalara ciddi yanaşmalıyıq. Əvvəlcə onların ölkəyə daxil olmasının qarşısı alınmalıdır. Amma istənilən halda buna hazır olmaq vacibdir, çünki biz artıq qloballaşan dünyanın bir parçasıyıq".
Professor əlavə edib ki, bəzi hallarda yoluxmuş, lakin xəstəliyin əlamətləri hələ üzə çıxmamış şəxslər ölkəyə daxil ola və digərlərini yoluxdura bilir. Bu baxımdan profilaktik tədbirlərə ciddi yanaşmaq vacibdir. Hər hansı bir xəstəliyə yoluxmamaq üçün əsas yollardan biri isə insanlararası təmasları minimuma endirməkdir.
Həkimin fikrincə, infeksion xəstəliklərin yayılmasına təsir edən əsas qlobal faktorlar sırasında insan sayının sürətlə artması, təbiətlə ziddiyyətlər və fauna-floranın məhv edilməsi önə çıxır:
"Viruslar əvvəlcə heyvan və ya bitkilərdən insanlara keçir. Necə ki, koronavirus insana keçdi. İndi isə bu virusların diapazonu daha da genişlənir. Yəni viruslarla daha çox təmasda olacağıq. Qrip virusu hər il olduğu kimi, koronavirus da hər il qarşımıza çıxacaq. Bu da vəziyyəti daha da ciddiləşdirir. Cəmiyyət bu reallığın fərqində olmalıdır", - deyə Adil Qeybulla fikrini tamamlayıb.
Qeyd edək ki, son günlərdə bir çox ölkələrdə meymunçiçəyi, evali və digər yeni viruslar yayılmağa başlayıb.
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Həkim,Əhali,Todaypress.tv,
