Alimlər Leonardo da Vinçinin DNT-sinin sirlərini açdılar
Leonardo DNT Layihəsindən olan beynəlxalq tədqiqatçılar qrupu kəşfləri və yaradıcılığı hələ də təxəyyülü heyran edən intibah dahisi Leonardo da Vinçinin DNT-sini yenidən qurmağa yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Leonardo da Vinci DNT Project” (LdVDNA) məlumat yayıb.
Alimlər 21 nəsil və 400-dən çox insanı - 1331-ci ildən bu günə qədər əhatə edən 30 illik genealoji tədqiqat aparıblar.
Arxiv mənbələrinə əsaslanaraq Leonardonun atasından və onun ögey qardaşından tutmuş 15 müasir nəslinə qədər kişi şəcərəsini izləmək mümkün olub.
Onlardan altısı kişi xətti ilə ötürülən unikal Y-xromosomal markerin qorunub saxlanmasını təsdiqləyən DNT analizindən keçib.
Eyni zamanda, Vinçidəki Santa Croce kilsəsində arxeoloji qazıntılar aparılıb, burada, ehtimallara görə, Leonardonun qohumları - baba Antonio, əmi Françesko və ögey qardaşlar dəfn edilib.
Tapılan kişi qalıqlarından biri artıq paleogenetik tədqiqatlardan keçir. Əgər onun Y xromosomu canlı nəslin DNT-si ilə uyğun gəlsə, bu, nəsil ağacının doğruluğunu təsdiq edəcək və Leonardonun əlyazmalarında və ya rəsmlərində qalan bioloji izləri təhlil etməyə yol açacaq.
Məqsədi təkcə da Vinçi nəsil ağacını rekonstruksiya etmək deyil, həm də onun DNT-sini öyrənmək üçün elmi əsas hazırlamaqdır.
Komanda Leonardonun dahiliyinin genetik köklərini - onun kəskin görmə qabiliyyətini və yaradıcılıq istedadını, eləcə də onun mümkün xəstəliklərinin və ölümünün səbəblərini açmağa ümid edir.
Müəlliflər Leonardonun mənşəyi haqqında mifləri də təkzib edirlər.
Onun anası Katerina, ehtimal ki, florensiyalı bankir Vanni di Nikkolonun evində xidmətçi, atası isə gənc notarius olub.
Layihənin koordinatorlarından biri Cessi Ausubel vurğulayıb ki, ola bilsin ki, çox yaxında Leonardo bizə tamamilə yeni, bioloji tərəfdən təqdim olunacaq.
Nicat Osman
tag: Leonardo Da Vinçi,DNT,Analiz,Sirr,Todaypress.tv,