Yüz minlərlə kompüterə yoluxmuş yeni virusla bağlı XƏBƏRDARLIQ
Texnologiya nəhəngi “Microsoft” yüz minlərlə kompüterə yoluxmuş yeni kiberhücum təhlükəsi - “Lumma Stealer” virusu barədə ictimaiyyətə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, şirkətin yaydığı açıqlamaya görə, 2025-ci il martın 16-dan mayın 16-dək dünya üzrə ən azı 394 min fərdi kompüter bu təhlükəli virus tərəfindən yoluxdurulub.
“Microsoft”un Rəqəmsal Cinayətlər Bölməsi (DCU) virusun yayılmasının qarşısını almaq məqsədilə qlobal hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir.
“Lumma Stealer” parolları, kredit kartı məlumatlarını, bank hesablarını və kriptovalyuta cüzdanlarını oğurlayır.
Eyni zamanda, kritik xidmətlərin fəaliyyətinə ciddi zərər verə bilər” deyə “Microsoft”un açıqlamasında bildirilib.
Məlumata görə, kibercinayətkarlar “Lumma Stealer” virusunu ən azı 2022-ci ildən müxtəlif platformalarda satır.
Zərərli proqram daim yenilənərək fərqli üsullarla istifadəçilərə ötürülür.
2024-cü ilin sentyabrında virus pirat video oyunlarının içərisinə yerləşdirilərək istifadəçilərin məlumatlarını ələ keçirmək məqsədilə istifadə olunub.
Təhlükədən qorunmaq üçün Microsoft-un tövsiyələri:
• Kompüterdə rəsmi antivirus proqram təminatı istifadə edin.
• Şəxsi məlumatları yalnız təhlükəsiz və etibarlı saytlarda paylaşın.
• İki faktorlu identifikasiya sistemlərindən istifadə edin.
• Pirat proqram və oyunlardan uzaq durun.
Nicat Osman
tag: Microsoft,Virus,Komputer,Xəbərdarlıq,Todaypress.tv,