Vüsalə Qurbanova: “160 nəfər yeni İT mütəxəssis yetişdiriləcək”
İKT
10.10.2025 11:39
“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq əsas məqsədimiz ölkədə İKT sahəsində kadr potensialının gücləndirilməsi və peşəkar İT mütəxəssislər bazasının formalaşdırılmasıdır”.
TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova “Holberton” təqaüd proqramı ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu istiqamətdə dünyanın aparıcı texnologiya şirkətlərinin Azərbaycana cəlb olunması üçün ardıcıl işlər həyata keçirilib. Bu şirkətlərdən biri də “Holberton School Azerbaijan”dır:
“Holberton School” 2016-cı ildə ABŞ-də təsis olunmuş, hazırda isə baş ofisi Fransada yerləşən nüfuzlu İT təhsil müəssisəsidir. Agentlik olaraq bu qurumla əməkdaşlığımızı genişləndirərək, onun Azərbaycan nümayəndəliyinin yaradılmasına nail olmuşuq.
2023-cü ildən etibarən “Holberton School Azerbaijan” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PAŞA Holdinq”in maliyyə sponsorluğu ilə fəaliyyətə başlayıb. Qısa müddət ərzində məktəb ölkəmizin İT bazasının inkişafına mühüm töhfə verib, müasir standartlara cavab verən proqramlar əsasında gənclərin hazırlanmasına yönəlik bir sıra layihələr həyata keçirilib”.
V.Qurbanova qeyd edib ki, təhsil proqramları əsasən kibertəhlükəsizlik, kompüter elmləri, süni intellekt və digər istiqamətləri əhatə edir. Bu proqramların məqsədi Azərbaycanda İT mütəxəssislərinə olan tələbatı qarşılamaqdır:
“Artıq “Holberton School Azerbaijan”la bir illik əməkdaşlıq uğurla yekunlaşıb və növbəti müqavilə imzalanıb. Yeni müqavilə çərçivəsində 2026-cı ilin sonunadək qeyd olunan ixtisaslar üzrə 160 nəfər peşəkar mütəxəssisin hazırlanması planlaşdırılır”.
Qiymət Mahir
tag: Vüsalə Qurbanova,Holberton,Təqaüd proqramı,Açıqlama,Todaypress.tv,
