“Telegram” yeni funksiyalar təqdim edəcək

İKT

28.05.2025 16:20

4

“Telegram” messenceri növbəti böyük yeniləməyə hazırlaşır. Yenilənmə ilə istifadəçilərə daha çox kontent idarəetməsi və auditoriya ilə qarşılıqlı əlaqə imkanları təqdim olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Kod Durova” “Telegram” kanalı məlumat yayıb. 

Ən diqqətçəkən yenilik səsli mesajların göndərilmədən əvvəl redaktə edilə bilməsidir. Yeni funksiya səs yazısı zamanı yuxarı sürüşdürməklə və “pauza” düyməsinə toxunmaqla aktivləşir, bu da istifadəçiyə səsi dinləmək və lazım olduqda kəsmək imkanı verir.

“Android” versiyada isə kanal sahibləri üçün “təklif olunan mesajlara” nəzarət paneli istifadəyə veriləcək. Bu panel vasitəsilə adminlər mesajları təkcə moderasiya etməyəcək, həm də onların oxunub-oxunmadığını izləyə və abunəçilərlə bu şəkildə əlaqə qura biləcəklər.

Digər bir yenilik isə şəkil göndərmə zamanı keyfiyyət seçimi olacaq. İstifadəçilər şəkli standart (SD) və ya yüksək keyfiyyətli (HD) formatda göndərmək imkanı əldə edəcəklər.

“Kod Durova” bildirir ki, bu funksiyalar artıq “Telegram”ın “Android” üçün beta versiyasında mövcuddur. Lakin sabit versiyaya nə zaman daxil ediləcəyi hələlik açıqlanmır.

Qiymət Mahir

tag: Telegram,Android,Yenilənmə,Kod Durova,todaypress.tv,