"Meta" reklamsız abunə xidməti təqdim edəcək

İKT

29.09.2025 03:35

“Meta” şirkəti yaxın həftələrdə Böyük Britaniyada "Facebook" "Instagram" istifadəçilərinə reklamsız abunə xidməti təqdim edəcək.

TodayPress TV xəbər verir ki, yeni sistemə əsasən, istifadəçilər iki seçim arasında qərar verə biləcəklər.

Belə ki, ya əvvəlki kimi tətbiqlərdən pulsuz istifadə edib reklamlara baxmağa davam edəcəklər, ya da ödənişli abunəliklə reklamlardan tam azad olacaqlar.

Reklamsız abunəlik üçün aylıq ödəniş veb versiya istifadəçiləri üçün 2,99 funt sterlinq (təxminən 3,65 ABŞ dolları), mobil tətbiqlər üzərindən qoşulanlar üçün isə 3,99 funt sterlinq (təxminən 4,88 ABŞ dolları) olacaq.

“Meta” şirkəti qeyd edib ki, ödənişli abunəlik seçən istifadəçilərin şəxsi məlumatları reklam məqsədləri üçün istifadə edilməyəcək.

Xidmət 18 yaşdan yuxarı bütün istifadəçiləri əhatə edəcək və hər bir şəxsə bu seçimlə bağlı ayrıca bildiriş göndəriləcək.

Şirkətin bu addımı son illərdə şəxsi məlumatların qorunması və onlayn məxfilik məsələləri ilə bağlı yaşanan hüquqi mübahisələr fonunda atılıb və “Meta”nın istifadəçi məxfiliyinə dair yeni yanaşmasının bir hissəsi kimi qiymətləndirilir.

TodayPress TV

tag: Meta,Facebook,İnstagram,Reklam,Todaypress.tv,