Saxta səhifələr, yüksək məbləğdə iş təklifləri – Dələduzların toruna düşməmək üçün nə etməliyik?
Son günlər "Facebook" və digər platformalarda heç bir rəsmi şirkət məlumatı – ünvan, əlaqə telefonu olmadan saxta səhifələr yaradılır və yüksək məbləğlərlə iş təklif olunur.
TodayPress TV xəbər verir ki, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov öz "Facebook" hesabında paylaşım edərəm ictimaiyyəti sosial şəbəkələrdə yayımlanan yeni dələduzluqlar barədə xəbərdar edib.
“Mayın 25-də “Səs Studiyasına İşçi Qəbulu” adlı "Facebook" səhifəsi fəaliyyətə başlayıb. Bu səhifədə səsləndirmə xidməti üçün 1000-3000 manat arasında qazanc vəd edilir və müraciət edənlər "Telegram" üzərindən yazışmağa yönləndirilir. Bu cür hallarda ehtiyatlı olmaq lazımdır.
Şəxsi məlumatlarınızı heç vaxt tanımadığınız şəxslərlə paylaşmayın, naməlum "Telegram" və ya digər platformalara keçid etməyin. İş elanlarını yalnız rəsmi və izlənilə bilən mənbələrdən yoxlayın. Şübhəli hallarla qarşılaşdıqda Daxili İşlər Nazirliyi və ya "CERT.az"ın əlaqə nömrələrinə məlumat verin", - deyə o, vətəndaşlara tövsiyə edib.
Elvin Abbasov onu da əlavə edib ki, real iş elanları həmişə şəffaf olur və əlaqə məlumatları açıq şəkildə təqdim edilir. Sosial şəbəkələrdə yayılan şübhəli vədlərə aldanmamaq, özünüzü qorumaq üçün əsas addımlardan biridir.
Qeyd edək ki, bu xəbərdarlıq, xüsusilə sosial şəbəkə istifadəçilərinin belə dələduzluq hallarının qurbanı olmaması üçün önəmlidir.
Töhfə Səməd
tag: Elvin Abbasov,Ekspert,Dələduz,Saxta Profil,Todaypress.tv,
