Süni intellekt: Tərəqqi aləti, yoxsa yeni təhlükə?
İKT
02.10.2025 16:46
Texnologiyanın inkişafı bir çox işləri asanlaşdırsa da, eyni zamanda yeni risklər də yaradır. O, insan həyatını yüngülləşdirə biləcək imkanlar təqdim edir. Lakin bütün bu üstünlüklərlə yanaşı, süni intellekt fırıldaqçılıq və kiberdələduzluq üçün də əlverişli mühit yaradır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan informasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov bildirib ki, süni intellektin həm faydalı, həm də təhlükəli tərəfləri var:
"Süni intellekt insan həyatını asanlaşdırmaq üçün çox böyük potensial təqdim edir. Amma həddən artıq istifadənin zərəri var. Təhlükəsizlik, məxfilik və sosial etibar kimi sahələrə ciddi mənfi təsir göstərə bilər".
Ekspertin sözlərinə görə, fırıldaqçılıq üsulları getdikcə təkmilləşib. Məsələn, süni intellekt vasitəsilə səsin kopyalanması mümkündür ki, bu da maliyyə və şəxsi məlumatların oğurlanmasına şərait yaradır:
"Bundan əlavə, "deepfake" – yəni dərin saxtakarlıq vasitəsilə profil şəkilləri, videolar və hətta canlı görüntülər dəyişdirilə bilər. Saxta linklərin həqiqisindən seçilmədiyi hallar da kiberdələduzluğun daha təhlükəli hala gəldiyini göstərir. Saxta xəbərlər insanların məlumatlara olan güvənini azalda bilər. Bəzən bilmək olmur ki, bu video realdır, yoxsa süni intellekt tərəfindən hazırlanıb. Bu isə xüsusən məşhur və siyasi şəxslər üçün ciddi problem yaradır".
Mütəxəssis vurğulayıb ki, insanlar fərdi təhlükəsizlik qaydaları barədə məlumatlandırılmalı, süni intellektin etik və təhlükəsiz istifadəsi üçün beynəlxalq və yerli qanunlar hazırlanmalı, eləcə də istifadəçilər yalnız etibarlı platformalarda məlumat paylaşmalı və şəxsiyyət doğrulama sistemləri gücləndirilməlidir.
"Süni intellekt bəşəriyyətin problemlərini həll etmək üçün mühüm vasitədir. Amma onun təhlükələrinə də eyni dərəcədə ciddi yanaşmaq zəruridir", - deyə Natiq Məmişov qeyd edib.
Türkan İsgəndərli
tag: Süni intellekt,Fırıldaqçılıq,Bəşəriyyət,Mütəxəssiz,Todaypress.tv,
