"Honor" ən nazik və yüngül qatlana bilən flaqmanını təqdim etdi

İKT

02.07.2025 19:45

Çində təqdim olunan “Honor Magic V5” qatlanan smartfon bazarında rekord dərəcədə nazik və yüngül dizaynı ilə seçilir.

TodayPress TV xəbər verir ki, yeni flaqman model açıq vəziyyətdə cəmi 4,1 mm, qapalı vəziyyətdə isə 8,8 mm qalınlığa malikdir.

Cihazın çəkisi 217 qram təşkil edir. Smartfon bu göstəricilər fonunda 5820 mAh tutumlu batareya ilə təchiz olunub. “1 TB” yaddaş tutumuna malik versiyada batareya həcmi 6100 mAh-a qədər artırılıb. Bunun qalınlığa təsir edib-etmədiyi isə açıqlanmayıb.

“Honor Magic V5” 66 Vt gücündə sürətli naqilli və 50 Vt-lıq naqilsiz enerji yığma texnologiyasını dəstəkləyir. Modelin əsas, yəni daxili qatlanan “OLED” ekranı 7,95 düym ölçüyə, 2352x2172 piksel çözünürlük, 120 Hz yeniləmə tezliyi və 5000 nit pik parlaqlığa malikdir. Xarici 6,43 düymlük ekran isə 2376x1060 piksel icazə və oxşar texniki göstəricilərlə təqdim olunur.

Cihaza “Snapdragon 8 Elite” adlı 3 nm-lik flaqman çip güc verir. Smartfon 16 GB əməli yaddaşla və 512 GB və ya 1 TB daxili yaddaş variantları ilə təklif olunur.

Kamera baxımından “Honor Magic V5” iki 20 MP-lik selfi kamerası (hər biri xarici və daxili ekranlarda yerləşdirilib), eləcə də 50 MP-lik əsas, 50 MP-lik ultra-geniş bucaqlı və 64 MP-lik periskopik telefoto linzalardan ibarət üçlü arxa kamera bloku ilə təchiz olunub.

Əlavə üstünlüklər sırasında cihazın “IP58/59” standartlarına uyğun suya və toza davamlı korpusu, digər markalara – o cümlədən “Apple” cihazlarına – məlumat ötürmə dəstəyi və süni intellekt əsaslı sistemin mövcudluğu qeyd edilir.

“Honor Magic V5” Çində 8999 yuan (təxminən 98 400 rubl) qiymətindən satışa çıxarılıb. Smartfonun Rusiyada satışa çıxarılıb-çıxarılmayacağı hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl “Apple” şirkəti də qatlanan “iPhone” modelini test mərhələsinə çıxarıb.

Qiymət Mahir

tag: Çin,İKT,Honor,Telefon,Todaypress.tv,