Azərbaycanla Qazaxıstan arasında rəqəmsallaşma sahəsində əməkdaşlıq müzakirə olundu

İKT

21.10.2025 12:13

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşlər zamanı innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

tag: Rəşad Nəbiyev,Astana ,Qazaxıstan,İKT,Todaypress.tv,