Tottinin oğlu 19 yaşında futbol karyerasını başa vurdu
İdman
29.07.2025 17:30
2006-cı ilin dünya çempionu, “Roma” klubunun sabiq kapitanı Françesko Tottinin oğlu Kristian Totti 19 yaşında peşəkar futbol karyerasını başa vurmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "La Nuova Sardegna" nəşri məlumat yayıb.
Bildirilib ki, gənc futbolçunun belə bir qərar verməsinə psixoloji təzyiqlər və daim atası ilə müqayisə olunması səbəb olub.
“Bəli, karyeramı bitirirəm. Bu, mənim qərarımdır”, - deyə Kristian Tottinin sözlərini nəşr sitat gətirib.
Bununla belə, Totti ailəsinin gənc üzvü futboldan tam uzaqlaşmaq niyyətində deyil. O, atasının təsis etdiyi futbol məktəbində skaut kimi fəaliyyətə başlamağı və istedadlı gəncləri kəşf etməyi planlaşdırır.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Kristian Totti karyerasına “Roma” akademiyasında başlayıb. Daha sonra “Frozinone” və “Rayo Valyekano”nun gənclər komandalarında, eləcə də İtaliyanın D Seriyasında çıxış edən “Avezzano” və “Olbia” klublarında oynayıb.
Töhfə Səməd
tag: Roma,Françesko Totti,Kristian Totti,Futbol,Todaypress.tv,