Sultanzadə: “İdmançılarımız onlara olan etimadı doğrultdular”

İdman

27.06.2025 10:20

Sloveniyada keçirilən atletika üzrə komandalararası Avropa çempionatı başa çatıb. 

TodayPress TV xəbər verir ki, 3-cü Divizionda yer alan Azərbaycan milli komandası Maribor turnirində 315.5 xal toplayaraq 15 ölkə arasında 6-cı olub. 

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə millimizin komandalararası Avropa çempionatındakı çıxışının yekunları ilə bağlı açıqlama verib: 

“Atletika üzrə millimiz komandalararası Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə etdi. Sloveniyanın Maribor şəhərində keçirilən mötəbər yarışda 3-cü Divizionda yer alan komandamız ümumi hesabda 315.5 xal toplayaraq 15 ölkə arasında 6-cı yeri tutdu. Qeyd etmək istərdim ki, komandamız 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qərarlaşmışdı. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 nəfərlik idmançı heyəti yola düşdü. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm”. 

Qeyd edək ki, Əlhəm Nağlyev həm 100, həm də 200 metr məsafəyə qaçışda 1-ci olub. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutub. Atletimiz 23.58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Üç təkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında isə Yekaterina Sariyeva bütün rəqiblərini qabaqlayıblar. 4x400 məsəfəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yeniləyiblər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırıblar. 

Namiq HUN

tag: Məhərrəm Sultanzadə,Atletika,İdmançılar,Etimad,Todaypress.tv,