“Roland Garros”da Yannik Sinner - Karlos Alkaras finalı

İdman

07.06.2025 09:50

Parisdə keçirilən tennis üzrə “Böyük Dəbilqə” seriyalı “Roland Garros” turnirində kişilərin mübarizəsində finlaçılar məlum olub.

TodayPress TV xəbər verir ki, həlledici görüşdə italiyalı Yannik Sinner və ispan Karlos Alkaras qarşılaşacaq.

Dünyanın bir nömrəli tennisçisi Sinner yarımfinalda “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi olan serbiyalı raketka ustası Novak Cokoviçi 3 saat 17 dəqiqəyə 6:4, 7:5, 7:6 (7:3) hesabları ilə məğlub edib. 

38 yaşlı Cokoviç “Roland Garros” turnirində sonuncu dəfə iştirak edib-etmədiyi ilə bağlı fikirlərini bölüşüb. Mətbuat konfransında jurnalistlərin bu mövzu ilə bağlı sualını cavablandıran Cokoviç belə deyib:

“Hazırda bu suala dəqiq cavab verə bilmərəm. Bu mərhələdə 12 ay çox uzun bir müddətdir. Oynamaq istəyirəmmi? Bəli, istəyirəm. Amma bir il sonra buraya qayıda biləcəyəmmi? Bilmirəm. Mən öz planıma sadiq qalmağa çalışıram – “Böyük Dəbilqə” turnirlərində iştirak etmək. Bu turnirlər mənim üçün prioritetdir. Uimbldon və ABŞ Açıq turnirləri planlarımda var. Digər məsələlər hələ ki, qeyri-müəyyəndir. Hazırda yalnız bunu deyə bilərəm”.

Yarımfinalın digər cütündə Alkaras Lorentso Musettidən güclü olub. Məğlub durumda olan italiyalı raketka ustası 4-cü setdə oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, “Roland Garros” turnirinin final görüşü iyunun 8-də keçiriləcək. 

Namiq HUN

tag: Tennis,Roland Garros,Yannik Sinner,Karlos Alkaras,Todaypress.tv,