“Qarabağ” ÇL-in dadını çıxarır

İdman

02.10.2025 09:32

Bakı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyununa ev sahibliyi etdi. Mühüm qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika stadionuna baxdıqca, doymadığımız bir görüntü seyr etdik.

Bəli, bura Tofiq Bəhramov adına Respublika stadionudur. Həmişəki məkan, həmin atmosferə rəng qatan mənzərə doğma arenamızda Qarabağ atlarının oyun öncəsi dördnala məğrur yerişi oldu. Bu mənzərəni Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağı olan Danimarka çempionu “Kopenhagen”in oyundaşları təəccüb dolu baxışlarla seyr etdilər. Amma dərk etmədilər ki, bu onlara bir işarədir. İki həftə əvvəl Lissabonda “Benfika”ya dağ çəkən çempionumuz bu gedişlə dəqiqələr sonrası avropalıları doğma arenada “dördnala çapacağına” işarə etdi.

Dolu tribunalar önünə rəqibin işini bitirmək üçün çıxan “Qarabağ” vədinə əməl etdi. İlk 45 dəqiqədə arenada yaşananlar Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükün “gözünü böyütdü”.

Belədə olmalı idi. Oyun öncəsi hamı “Qarabağ”dan uğurlu nəticə gözləyirdi. Çünki “Benfika” üzərindəki qələbəni və doğma meydança amilini nəzərə alanda, adam təmsilçimizdən ancaq qalibiyyət gözləyir. Elədə oldu. “Qarabağ” uğurlu Lissabon startının ardını bu dəfə doğma Bakımızda Abdullah Zubir və Emmanuel Addainin qolları ilə gətirdi.

“Şirlər” üzərində 2:0 hesablı qələbədən sonra “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 6-ya çatdırıb, şəxsi büdcəsini 4,2 milyon avro artıraraq, “Bavariya”,“Real Madrid”, PSJ, “İnter” və “Arsenal” kimi dünya nəhəngləri ilə ilk 6-lıqda, adlı-sanlı “Borussiya”, “Mançester Siti”, “Tottenhem”, “Atletiko”, “Nyukasl”, “Marsel”, “Brügge”, “Sportinq”, “Ayntraxt”, “Barselona” və qrup rəqibləri “Liverpul”, “Çelsi”, “Napoli”yə yuxarıdan-aşağı baxır.

“Qarabağ”ın Liqa mərhələsində neçə xal toplayacağını proqnozlaşdırmaq çox çətindir. Amma nə qədər çox qələbə qazansalar, xal toplasalar, bir o qədər yaxşıdır. Real danışsaq, “Liverpul”, “Çelsi” və “Napoli” kimi adlı-sanlı rəqiblərdən xal almaq çətin görünür. Bu, asan iş deyil. Bura qədər “Qarabağ” çox böyük işlər görüb, öz boyundan hündürə tullanıb. “Liverpul”, “Çelsi” və “Napoli”nin hazırda hansı gücdə olduqlarını nəzərə alaraq belə, “Qarabağ”a “Avropa nəhəngləri” ilə matçlarda uğurlar arzulayıram.

Namiq HUN

TodayPress TV

tag: İdman,Qarabağ,ÇL,Liqa,Todaypress.tv,