Mourinyo: “Daxilimdə ziddiyyət yaşadım”
İdman
28.05.2025 11:50
“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 2024/2025 mövsümünün finalında hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə Sky Sports kanalına bildirib.
“Daxilimdə ziddiyyət vardı. Bir tərəfdən “Mançester Yunayted”i sevirəm və baş məşqçi Ruben Amorimlə münasibətlərim yaxşıdır. Digər tərəfdən, Son Hın Minin kubokla ağladığını görəndə və “Tottenhem” azarkeşlərini düşündükdə, bu, doğrudan da xüsusi hisslər yaşatdı”, Mourinyo deyib.
Qeyd edək ki, Mourinyo “Tottenhem”i 2019-cu ilin noyabrından 2021-ci ilin aprel ayına qədər çalışdırıb, lakin bu müddət ərzində klubla heç bir titul qazana bilməyib.
O, “Mançester Yunayted”in sükanı arxasında isə 2016–2018-ci illərdə olub və bu dövrdə “qırmızı şeytanlar”la Avropa Liqasını, İngiltərə Kubokunu və Superkuboku qazanıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalında “Tottenhem” “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək 2008-ci ildən sonra ilk titulunu qazanıb.
Namiq HUN
tag: Maurinyo,Fənərbağça,Məşqçi,Klub,Todaypress.tv,