Millimizi Avropa çempionluğundan qələbə xalı ayırır
İdman
13.10.2025 11:27
Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət şahmat millisi qızıl medallar uğrunda əsas iddiaçı komandaya çevrilib.
TodayPress TV xəbər verir ki, millimiz yeddinci turda Macarıstan yığmasına 3:1 hesabı ilə qalib gəlməklə bu ğöstəriciyə nail olub.
Komandamızın heyətində Eltac Səfərli və Aydın Süleymanlı qələbə qazanıblar. Bu uğurdan sonra aktivindəki xalların sayını 11-ə çatdıran millimiz ikinci pilləyə yüksəlib. Azərbaycan yığması lider Ukraynadan iki xal geri qalır.
Səkkizinci turda Ukrayna ilə qarşılaşma Azərbaycan yığması üçün həlledici olacaq. Qələbə halında millimiz rəqiblə xalları bərabərləşdirəcək və əlavə göstəricilərə görə Ukraynanı geridə qoyacaq. Görüş heç-heçə ilə nəticələnsə də, yığmamız birincilik şanslarını qoruyub saxlayacaq.
Azərbaycanın qadın şahmat yığması isə hesabat turunda çempionatın reytinq favoritlərindən biri olan Gürcüstan millisinə 1,5:2,5 hesabı ilə məğlub olub.
Yeddinci turdan sonra komandamız 8 xalla turnir cədvəlində 10-cu pilləyə enərək mükafatçılar sırasına düşmək şansını itirib.
Namiq HUN
tag: Şahmat,Batumi,Yarış,Çempion,Todaypress.tv,
